“Bu rəqəm Azərbaycandakı orta rayonlardan birinin əhalisinin sayının yarısından da azdır”.
Bu fikirləri Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından olan deputatı Viqen Xaçatryanın Qarabağda cəmi 40 min erməninin yaşadığına dair fikirlərinə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, İrəvanda Qarabağ ermənilərinin sayı ilə bağlı bu rəqəmin səsləndirilməsi “status” tərəfdarları üçün “soyuq duş”dur:
“44 günlük Vətən müharibəsindən sonra Ermənistan hakimiyyəti, o cümlədən erməni diasporu və İrəvanın beynəlxalq dəstəkçiləri Qarabağ ermənilərinin statusu məsələsini bəhanə gətirərək, nizamlama prosesinin zaman-zaman ləngiməsinə səbəb olublar.
Lakin müəyyən müddətdən sonra rəsmi İrəvan mövcud reallığı dəyişmək gücündə olmadığını görərək, Qarabağ ermənilərinin statusunu gündəlikdən çıxması ilə razılaşmaq məcburiyyətində qaldı. Bununla belə, Ermənistandakı revanşist qüvvələr və onların xarici sponsorları status məsələsini yenə də qaldırmaqdadırlar.
Odur ki, Nikol Paşinyanın partiyadaşı olan Xaçatryanın Qarabağda cəmi qırx min erməninin yaşadığını etiraf etməsi “status” tərəfdarları üçün “soyuq duş”dur. Çünki o sayda əhali üçün xüsusi statusun tələb edilməsinin nə qədər qeyri-ciddi istək olduğunu izah etməyə ehtiyac yoxdur. Bu rəqəm Azərbaycandakı orta rayonlardan birinin əhalisinin sayının yarısından da azdır.
Digər vacib məqam həm də bundan ibarətdir ki, həmin qırx min erməninin əksəriyyəti Rusiya sülhməramlılarının ərazidə yerləşdirilməsindən sonra geri qaytarılıb və hazırda Vardanyan-Volkov “duet”inin girovluğundadırlar. O ermənilərdən neçəsinin Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduğunu demək çətindir. Lakin şübhə yoxdur ki, imkan olsa, onların əksəriyyəti İrəvana yollanar”.