Bakıda orta məktəb şagirdinin ölümü, onun atasının isə xəsarət alması ilə nəticələnən ağır qəza törətmiş vəzifəli şəxs həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində 8-ci sinif şagirdi Nurlan Bağışovun ölümü ilə nəticələnən qəzanı törədən Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi, 1988-ci il təvəllüdlü Vəli Məmmədova hökm oxunub.
Məhkəmənin 5 yanvar 2023-cü il tarixli hökmü ilə vəzifəli şəxsə 5 il 1 ay müddətinə həbs cəzası verilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib və məhkəmə zalındaca həbs edilib.
Məhkəmədə məlum olub ki, Mərkəzi Bankın vəzifəli əməkdaşı idarə etdiyi “Mazda” markalı avtomobillə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində hərəkətdə olarkən yolun ortasındakı qoşa xəttin üzərində dayanmış Nurlanı və atasını vurub. Zərbənin təsirindən yeniyetmə yolun əks hərəkət zolağına düşüb və “Toyota Prius” markalı taksinin altında qalıb. Ağır xəsarət alan Nurlan xəstəxanaya çatdırılsa da, orada vəfat edib.
Yasamal Rayon Məhkəməsi “Toyota Prius”un sürücüsünün baş vermiş hadisədə günahının olmadığını bildirib və ona bəraət verib.
Mərkəzi Bankın şöbə rəisi Vəli Məmmədov isə məhkəmədə bildirib ki, hadisə zamanı Nurlan Bağışov onun avtomobilinin zərbəsi nəticəsində deyil, digər maşının altında qalması səbəbindən dünyasını dəyişib:
“Yol-nəqliyyat hadisəsi zamanı mərhumun ölümünə səbəb olan xəsarət birinci vurulma nəticəsində yaranmayıb. Digər avtomobil də mərhumu vurmasa idi, o yaşayacaqdı. Ona görə özümü Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilirəm və yüngül cəza verilməsini xahiş edirəm. Həmçinin mərhumun ailəsi ilə dəfələrlə barışmağa cəhd etmişəm. Valideynlərindən dəfələrlə üzr istəmişəm, mənim heç kimlə ədavətim yoxdur. Bu, Hamısıahın yazdığı bir qəzadır”.