Milli intellektual mülkiyyətimizə vurulan zərbə

Ciddi araşdırmalar, dəqiq müşahidələr göstərir ki, Azərbaycan xalqı həm genetik, həm də tibbi baxımdan, həmçinin, digər kriteriyalara görə, dünyanın ən qabaqcıl intelllektual mülkiyyət sahibi xalqları sırasında layiqli yer tutur.

 

 

Lakin bu intellekt hər zaman təyinatı üzrə sərf olunmayıb. Tarixin müxtəlif dönəmlərində o cümlədən, 20-ci əsrdə ağlı-qaralı, uzun yol keçən bir millət nə qədər repressiyalara, vicdanlı, imanlı aydınların itkisinə məruz qalar? Kimin sifariş verməsindən asılı olmayaraq, bütün hallarda xalqımızın zəkalı, imanlı insanlarını aradan götürmək hədəflər sırasında olub. Düşmən qüvvələr tərəfindən çox düşünülmüş, məkrli planların tərkib hissəsi olan belə mənəvi terror aktları keçmiş Sovetlər birliyi dövründə törədilib.

Həmin totalitar rejim dövründə cəza aparatının üzvlərinin xeyli hissəsi ermənilər idi. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub. Son illər bu mövzularla bağlı məntiqli və məntiqsiz formada xeyli yazılıb. Nəticə çıxarmaq isə oxucunun vəzifəsidir.

Gerçəkdən bir vətəndaş olaraq Azərbaycan tarixinin qaranlıq məqamlarını, qismən də olsa repressiya tarixini tədqiq etmək mənim istəyim olub. Bu tədqiqatlara media və QHT təmsilçisi olaraq vaxtilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində başlamışdım. Son dövrlər əlimiz layihələrdən üzüldüyünə görə, bu müqəddəs missiyanı layihədən kənar davam etdirməyi qərar verdim.

Bu gün təəssüf və məyusluq hissilə fikirləşirəm ki, Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbənin arxasında kimlər dayanıb? Əgər həmin dövrlərdə saysız-hesabsız Azərbaycan ziyalısı bu qədər mənəvi və fiziki işgəncələrə məruz qalıb repressiyalara düçar olmasaydı, millətin intellektual inkişaf səviyyəsi tamam fərqli olacaqdı.

Çox dəyərli tədqiqatçı Aslan Kənanın “XX əsrdə repressiyaya məruz qalanlar” kitabının elektron versiyasını diqqətlə oxudum. Kitabın müəllifini şəxsən tanımasam da, ona bu fədakar əməyinə, zəhmətkeş tədqiqatına görə təşəkkür edirəm.

“XX əsrdə repressiyaya məruz qalanlar” kitabı dövrün şəxsiyyətlərinin talelərindən bəhs edən dəyərli araşdırmalar toplusudur. Kitab XX əsrdə repressiyaya məruz qalmış insanların faciəli taleyindən bəhs olunur.

Mən üzərində çalışdığım “XX əsr Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbənin arxasında erməni izləri” geniş tədqiqat işində adını çəkdiyim şəxsiyyətlərin və digər insanların elmi araşdırmalarından mənbə kimi istifadə edirəm.

Azərbaycanın repressiya tarixini sakit şəkildə oxumaq, tədqiq etmək çətindir. Tacir ailəsində dünyaya göz açan Salman Mümtaz öz şüurlu həyatını, intellektini, hətta maddi resurslarını Azərbaycan elminə, ədəbiyyatına həsr etsə də, sonda görün, hansı aqibətlə üzləşir. Onu guya “Bakinskiy raboçi” qəzetində nəşr olunan məqalələrində “buraxdığı ideloji səhvlərini” əsas göstərərək pantürkizm və millətçilikdə ittiham edirlər. “Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edilir və 8 oktyabr 1937-ci ildə həbs olunaraq, ağır işgəncələrə məruz qalır. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edilir. Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olunur. 1941-ci ilin sentyabrında Oryol şəhəri yaxınlığında Medvedski meşəsində güllələnir.

Osman Mirzəyev “Ağ ləkələr” kitabında (Bakı, 1991) tarixin daha bir ləkəsinə toxunaraq yazırdı: “Salman Mümtazın qızı xatırlayır ki, atama ailəsi ilə 15 dəqiqəlik görüş verdilər. Həmin görüşdə atam danışırdı ki, professor Çobanzadə və Qubaydulinin yalanlara şahidlik edib üzümə durublar. Qubaydulinə çox yaxşılığı keçmiş Salman Mümtaz professoru məzəmmət edir. Qubaydulin ona sarı atılıb kədərli bir səslə “məcburam Salman, məcbur eləyirlər, bacarmıram” – deyir. Sonra nəzarətçilər professorun başına, ağzına təpiklə vuraraq, onu sürüyə-sürüyə aparırlar”.

Tədqiqatçı Aslan Kənan “XX əsrdə repressiyaya məruz qalanlar” (Bakı–2011-ci il, səh. 10.) kitabında yazırdı: Əhməd Cavad ağır işgəncələrə, məşəqqətlərə dözə bilməyərək Daхili İşlər Komissarı Sumbatova ərizə ilə müraciət edir: ―…Proşu vaşeqo rasporojeniya uskorit sledstvie moyemu delu…‖. Artıq istintaqın dözülməz gedişatına tab gətirə bilməyən yazıçı müstəntiqin suallarına ―”doğru”, ―”düzgün” cavab verməyə razılıq verir.

Həmin dövrlərdə müstəntiqlərin məqsəd yalnız istintaq işini nəyin bahasına olur-olsun başa çatdırıb, məhkəməyə təqdim etmək idi. Bunun nəticəsi idi ki, məhkəmələrdə hər bir ―müttəhimə 15-20 dəqiqə müddətində hökm çıхarılırdı.Bu gün bəlkə də bir çoxları üçün belə mövzular maraqlı deyil. Ancaq qırıq-qırıq cümlələrdə bir çox hallarda həqiqətlər gizlənir. Bütün bunlar isə zövq almağa deyil, gerçəkliyə işıq salmağa xidmət edir. Dəyərli oxucular, aparılan araşdırmalarla bağlı cüzi məqamları diqqətinizə çatdırmağa cəhd etdim.

Əkrəm Bəydəmirli