“Qrip, soyuqdəymə əlamətləri olan şəxslərin etdiyi üç yanlış müalicə üsulu var”.
Turkustan.az bildirir ki, bunu anestezioloq-reanimatoloq, həkim Şahin Məmmədov deyib.
Onun sözlərinə görə, bunlardan biri saunaya getməkdir:
“Bununla həmin şəxslər oradakı digər insanlara virusu yoluxdurur, digər tərəfdən su itirməklə sağalmanı gecikdirir. Saunanın ümumi soyuqdəymə əlamətlərini azaltması, sağalma müddətini tezləşdirməsi heç bir tədqiqatda sübuta yetirilməyib. Ora başqa vaxtlar getmək isə orqanizmə faydalıdır.
Digər yanlış üsullardan biri də soğan-sarımsaqdan istifadə etməkdir. Bunlar faydalı qidalardır, amma onlara güvənib qripi ağır keçirəcəyi proqnozlaşdırılan insanların düzgün qabaqlayıcı tədbirlərini gecikdirmək olmaz. Çünkü onların virus əleyhinə heç bir təsiri yoxdur. Qrip vaxtı sarımsaq-soğan yeməyin əhəmiyyəti ondan ibarətdir ki, həmin şəxs camaatdan uzaq gəzir və ya əksinə. Nəticədə yoluxma azalır”.
Mütəxəssis qeyd edib ki, digər yanlış üsullardan biri də spirtli içkilərdən istifadədir:
“Bu, geniş yayılmış mifdir. Qrip virusu təkcə ağızda, boğazda deyil ki, onu dezinfeksiya edə biləsiniz. Eyni zamanda 40 faizli spirt nəinki virusu, heç nəyi öldürmür. Əksinə, sidikqovucudur, su itkisi verir, sağalmanı gecikdirir. Spirtli içkilər qaraciyərdə zülal sintezini tormozlayır. Bu da immunitetə böyük zərbə vurur. Bu cür içkilərdən insana ancaq zərər gələ bilər”. /sfera.az/