Ölkədə yeni virus dalğası: nə koronavirusdur, nə donuz qripi…

Son bir neçə gündür ki, ölkədə kiçikdən-böyüyə suçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunur

Dekabr ayından başlayaraq, ilkin klinik əlamətlərdən biri temperaturun kəskin yüksəlməsi olan virus infeksiyasının sıçrayışlı artımı müşahidə edilir. Qrip və koronavirus əlamətləri olan epidemiya səhhəti zəif insanlarda ağırlaşmalara səbəb olub.

Bunun nəticəsidir ki, təcili yardıma çoxsaylı müraciətlər daxil olub, Bakıda və bölgələrdə xəstəxanalar yoluxmuş vətəndaşlarla dolub-daşıb. Bu da əhali arasında koronavirus pandemiyasının növbəti dalğasının başlaması ilə bağlı narahatlığa səbəb olub.

Tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki, hazırda müşahidə edilən 1-ci dalğadır. Onun sönməsi yanvar ayının 1-ci ongünlüyünün sonuna təsadüf etməlidir. İnfeksiyanın 2-ci dalğası yanvar ayının 2-ci yarısında başlamalı, sönməsi fevral ayının 1-ci ongünlüyünə təsadüf etməlidir. 3-cü dalğa fevral ayının 3-cü ongünlüyündən başlayıb, Novruz bayramına qədər davam etməlidir (boz ay dövrü).

Başqa sözlə desək, hazırki viral infeksiyanın növbələşən artım və sönmə dövrü 1-ci mərhələdə 40 gün, 2-ci mərhələdə 20 gün, sonuncu mərhələdə isə 1 aya qədər davam etməlidir. Xüsusən məktəbli uşaqlar arasında isə suçiçəyi geniş yayılıb. Hava-damcı yolu ilə insanlara bulaşan bu xəstəlik əsasən uşaq infeksion xəstəliklərinə daxildir və demək olar ki, uşaqlıqda yoluxmayan böyüklər də bu virusa yoluxur.

Elə son bir neçə gündür ki, ölkədə kiçikdən-böyüyə suçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunur. Xəstəliyin inkubasiya dövrü 10-21 gündür. Xəstəlik əsasən tam sağlam fonda bədən hərarətinin yüksəlməsi ilə başlayır. 1-3 gün hərarətli dövr səpkilərin meydana gəlməsi ilə nəticələnir.

İranda vəba yayılır – Azərbaycana da təhlükə var

Milli.Az bildirir ki, infeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda yayılan bu xəstəlik boğaz ağrısı ilə başlayır, sonra xəstəlik tədricən kəskinləşir. Qızdırma müşahidə edilə bilir. Xüsusən də axşamlar, bir neçə gün də davam edir. Halsızlıq olur, burun axması, burun tutulması, baş ağrıları, iştahasızlıq, bəzən də  oynaq ağrıları da müşahidə edilir: “Bu, koronavirus deyil, çünki biz xəstələri analizə göndərəndə bu diaqnoz təsdiq olunmur. Bu, adi qripəbənzər virus infeksiyasıdır. Kəskin respirator virus infeksiyaları mövsümi xarakter daşıyır. Payız-qış aylarında aktivləşir. Hər il müşahidə olunan xəstəlikdir. Kəskin respirator virus infeksiyaları 200-ə yaxın virus törədir. Bunların içində ən ağırı demək olar ki, qripdir. Açığı, hansı virusun törətdiyini dəqiqləşdirmək üçün gərək  onu analiz edək. Dövlət xəstəxanalarında bu analizləri etmək üçün imkan yoxdur. Özəl klinikaların bəzilərində bu analizləri etmək mümkündür. Qrip, paraqrip, adenavirus bunlardan biri ola bilər. Dediyim kimi, bunun koronovirusla, ya da dözün qripi ilə heç bir əlaqəsi yoxdur”.

İnfeksionist əlavə edib ki, bütün dünyada bu mənzərə var: “Biz də dünyanın bir hissəsiyik. Ölkəmizdən başqa ölkələrə gediş-gəliş var. Belə olan halda da təbii ki, dünyada baş verən proseslər, o cümlədən xəstəliklər bizdə də eyni qaydada müşahidə edilir. Təbii ki, günəşin aktivliyi azaldığı üçün yer kürəsinin şimal yarımkürəsində bu xəstəliklər daha çox müşahidə edilir. Azərbaycanda, eləcə də qonşu ölkələrdə kollektiv immunitet formalaşıb. Bizdə demək olar ki, hər kəs virusa təbii şəkildə yoluxub və sağalıb. İmmunitet əldə etdikdə immun yaddaşı hüceyrələrində qalır, hətta bir neçə il sonra yoluxduqda xəstəlik yüngül keçirilir. Bu, sağlam şəxslərə aiddir. Risk qrupuna daxil olan şəxslər, xroniki xəstəlikləri olan şəxslər mütləq peyvənd olunmalıdır”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov da mediaya açıqlamsında deyib ki, bu günə qədər yuxarı tənəffüs yollarının infeksiyası əlamətləri olan şəxslərdən götürülən yaxmalarda qrip virusu aşkar edilməyib. Lakin bir sıra, o cümlədən ətraf ölkələrdə mövsümi qrip infeksiyası yayılıb və bunun Azərbaycanda da yayılması istisna olunmur. Kəskin respirator viruslar çoxsaylıdır, onların biri və ya bir neçəsi fərqli ştamlarla payız-qış aylarında təkrarlanır. Soyuq havalarda bu tip infeksiyaların yayılması üçün əlverişli şərait insanların daha çox qapalı məkanlarda toplanması və yaxın təmasların artması, otaqların daha az havalandırılması, fəsli olaraq immunitetin bir qədər zəifləməsidir.

Eyvazov əlavə edib ki, indiyədək yuxarı tənəffüs yollarının infeksiyası əlamətləri olan şəxslərdən götürülən yaxmalarda qrip virusu aşkar edilməyib: “Lakin bir sıra, o cümlədən ətraf ölkələrdə mövsümi qrip infeksiyası yayılır və bunun Azərbaycanda da yayılması istisna olunmur. Koronavirus pandemiyası dövründə yanaşı olaraq mühitdə qrip virusunun da olması bir sıra arzuolunmaz fəsad və nəticələrə səbəb ola bilər. Bunu nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə peyvəndlər əldə edilərək artıq ailə sağlamlıq mərkəzlərinə paylanılıb. İlk növbədə kiçik yaşlı uşaqların, yaşı 65-in üzərində olan şəxslərin, hamilə qadınların, müxtəlif ağır xroniki, o cümlədən tənəffüs sistemi xəstəlikləri olan şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə olunur. Hər bir vətəndaş öz istəyi ilə yaşadığı ərazi üzrə ailə sağlamlıq mərkəzlərinə müraciət edərək peyvənd oluna bilər. Peyvəndlər kifayət qədər təhlükəsiz və effektivdir”.

Milli.Az