Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən yanğında ölən var

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğın söndürülüb.

Bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.

İlkin məlumata görə, hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaqdaşıyan avtomobildir.

Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib.

Əraziyə dərhal Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.

Bildirilib ki, həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər həlak olub. Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əlavə məlumat veriləcək