Tariximizin keşiyində…

Bu gün əsas tələb erməni saxtakarlığını, Qərbi Azərbaycan icmasının deportasiya tarixini dünya ictimaiyyətinə çatırmaqdır

 Azərbaycan bu vaxta kimi şanlı və şərəfli tarix yaşayıb. Buna baxmayaraq, Azərbaycan qloballaşan dünyada çətin və mürəkkəb tarixi proseslərdən keçib. Təbii ki, bu tarixi proseslərdə Azərbaycana əsas problemi ermənilər yaradıb.  Çünki, ermənilər daimi azərbaycanlılara qarşı düşmənçilik siyasəti yeridiblər. Bunun əsas səbəbi onların Azərbaycanın  tarixi torpaqlarında özlərinə saxta dövlət qurmasıdır. Daha doğrusu, ermənilər özləri heç vaxt dövlət qurmaq təcrübəsinə malik olmayıblar. Onlara digər dövlətlər havadarlıq edib. Bu fakt dünya tarixinin bir hissəsidir və bir çox tarixi sənədlər bunu təsdiqləyir. Ulu Öndər Heydər Əliyev dəfələrlə çıxışlarında Qərbi Azərbaycan mövzusu qabardaraq ermənilərin bu saxtakarlığını ifşa edib: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir.”

Ermənilərin Azərbaycan torpaqlarında kütləvi məskunlaşması Rusiya və İran arasında imzalanmış Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra başlayıb. Məhz bundan sonra Qafqazın cənubunda Ermənistan dövlətinin yaradılması kursu yeridilib. Eyni zamanda azərbaycanlıların öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulması, deportasiya prosesi həyata keçirilib. Bu məsələ daima Prezident İlham Əliyevin də çıxışlarında gündəmə gəlib: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948–1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir”.

Cənab Prezident dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə bir daha qeyd etdi ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir: “Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

Azərbaycan xalqı daimi tarixinin keşiyində durur və görülən bütün tədbirlər millətimizə xidmət edir. Bu baxımdan Prezident İlham Əliyev də bütün fəaliyyətində tariximizin keşiyində durduğunu nümayiş etdirir. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə olduğu itirilmiş torpaqlarımızla bağlı cəsarətli, tarixi faktlara söykənən fikirlər söyləyir. Bütün bunlar tarixçilər qarşısında böyük vəzifələr qoyur. Bu baxımdan Qərbi Azərbaycan İcması tarixçilərlə əlaqəli şəkildə fəaliyyət göstərərək, dəqiq, əhatəli araşdırmalar aparmalıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi Qərbi Azərbaycan İcması bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir: “Mövcud istiqamətdə görülən iş bundan sonra daha məqsədyönlü şəkildə aparılmalıdır. Təşkilat qurulub, icra qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər də veriləcəkdir. Ölkə daxilində icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Azərbaycan çərçivəsində icmanın fəallığı çox önəmli ola bilər”.

Bu gün əsas tələb erməni saxtakarlığını, Qərbi Azərbaycan icmasının deportasiya tarixini dünya ictimaiyyətinə çatırmaqdır. Prezident İlham Əliyev İcma üzvləri ilə görüşündə bu fəaliyyət istiqamətini xüsusi olaraq vurğulayıb. Bu da informasiya müharibəsinin tərkib hissəsidir. Biz daim informasiya müharibəsindəyik. Xüsusən Vətən müharibəsindən sonra informasiya cəbhəsində mübarizə daha da kəskinləşib. Ona görə də təkcə Qərbi Azərbaycan icmasının üzvləri deyil, cəmiyyətimizin hər bir fərdi bu işdə öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidir.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu