Ayan Məmmədli: “Azərbaycan musiqi sənətini yaradan böyük sənətkarların yolunu layiqincə davam etdirməyi, onları təbliğ etməyi özümə borc bilir və bundan qürur duyuram”
Avstriyanın paytaxtı Vyana şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində 16.12.2022 tarixində, görkəmli Azərbaycan musiqişünası, Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın 90 illik yubileyinə həsr olunmuş “Musiqiyə həsr olunmuş ömür” adlı tədbir keçirilib. “Culture Meeting Point” mədəniyyət təşkilatının təşəbbüsü və Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Akademik Birliyinin iştirakı ilə keçirilən tədbirdə musiqisevərlər, Avstriya ictimaiyyətinin nümayəndələri və soydaşlarımız iştirak ediblər.
Tədbirdə “Culture Meeting Point” qurumunun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova, Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov, musiqiçi-pedaqoq Kəmalə Əhmədova və görkəmli musiqişünasın qızı Kəminə Məmmədova çıxış ediblər. Çıxışlarda 1977-1991-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş görkəmli musiqişünasın Azərbaycanda musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən bəhs olunub. Diqqətə çatdırılıb ki, E.Abasovanın elmi-pedaqoji fəaliyyəti çoxşaxəli olub. Buraya musiqi tədrisi və maarifçiliyindən tutmuş musiqi sahəsində jurnalist yaradıcılığı, müəllimlik, tədrisin idarə edilməsi və ictimai-təbliğat musiqi fəaliyyəti daxildir. Çıxışlardan sonra E.Abasovanın həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş olunub.
Tədbirin bədii hissəsində çıxış edən Avstriyanın Anton Brukner adına Konservatoriyasının azərbaycanlı tələbəsi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı Ayan Məmmədli qeyd edib ki, “Dünyada hər bir xalqı təmsil edən əsas amillərdən biri, onun zəngin mədəniyyətə malik olmasıdır. Bu baxımdan Azərbaycanın zəngin mədəniyyətinin dünyaya tanıdılmasında milli musiqilərimizin xüsusi rol oynadığını, onların ölkə sərhədlərindən kənarlarda sanballı şəkildə təqdim edilməklə təbliğ olunması çox vacibdir. Məlumdur ki, çox qədim mədəniyyəti olan Azərbaycanın zəngin musiqiləri, bu musiqiləri yaradan və yaşadan böyük bəstəkarlarımız, musiqişünaslarımız, pedaqoqlarımız var. Mədəniyyətimizdə milli irsin qorunub saxlanılması, bu musiqiləri yaradan, yaşadan, inkişaf etdirən, yeni gənc nəsilə öyrədən, eyni zamanda, onun dünya miqyasında təbliğ edilməsi sahəsində illər boyu böyük işlər görmüşdür. Bu cür sənət adamlarına hər zaman xalqımızın və dövlətimizin hörməti, qayğısı və onların xatirələrinin əziz tutulması sahəsində görülən işlər, Azərbaycan mədəniyyətinin inkişafında, onun dünya miqyasında yayılmasında böyük rol oynayır. Məhz bu baxımdan bu gün yubiley tədbirinə yığışdığımız professor Elmira xanım Abbasovanın dəyərli bir musiqiçi kimi xatirəsi biz gənc nəsil üçün çox əzizdir. Çünki bu gün böyük nəzəriyyəçi alim, professor Elmira xanım Abbasovanın apardığı tədqiqat əsərləri əsasında, Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəyovun yaradıcılığına həsr etdiyi “Ü. Hacıbəyovun opera və musiqili komediyaları”, “Üzeyir Hacıbəyovun “Koroğlu” operası”, “Ü. Hacıbəyov: həyat və yaradıcılıq yolu”na həsr olunmuş fundamental əsərləri, həmçinin müxtəlif nəsillərdən olan bəstəkarların və görkəmli ifaçıların yaradıcılığına həsr olunmuş qiymətli sənət əsərləri biz yeni nəsil üçün qiymətli ədəbiyyat mənbəyidir. Qeyd edildiyi kimi, Elmira xanım Abbasova uzun illər Azərbaycan Dövlət Konservatoriyasının müəllimi və rektoru kimi onlarla gənc musiqiçi kadrlar hazırlanmışdır. Bu gün mən çox xoşbəxtəm ki, Azərbaycan musiqi sənətində böyük iz və məktəb qoymuş, unudulmaz musiqişünas-pedaqoq, professor Elmira Abbasovanın belə bir gecəsində iştirak və çıxış etmək mənə nəsib olub. Çünki, mən də çoxsaylı gənc musiqiçilər kimi, özümü belə dəyərli pedaqoqların mənəvi sələfi hesab edirəm. Və Azərbaycan musiqi sənətini yaradan böyük sənətkarların yolunu layiqincə davam etdirməyi, onları təbliğ etməyi özümə borc bilir və bundan qürur duyuram”.
Daha sonra gənc pianoçu Ayan Məmmədli tədbir iştirakçılarına dünya klassiklərinin və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim etmişdir.
Tədbirdə həmçinin gənc avstriyalı musiqiçilərin Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət nümunələr də dinlənilmişdir.