Gələn il Qarabağda mühüm hadisələr BAŞ VERƏCƏK

2022-ci ildə Azərbaycanın siyasi gündəmində kifayət qədər əlamətdar hadisələr baş verib. İşğaldan azad edilmiş ərazilərin bərpası, Qarabağa ilk köç, dövlət başçısının xarici ölkələrə səfərləri, eləcə də bir çox ölkələrin liderlərinin Bakıya təşrif buyurması, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar və digər məqamları ilin əsas hadisələri sırasında qeyd edə bilərik. 

Bəs, gələn il siyasi gündəmin ən aktual mövzuları nələr olacaq? 2023-cü ildə hansı olaylara şahidlik edəcəyik?

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, gələn il Azərbaycanın siyasət meydanında bir sıra dəyişikliklər gözlənilir. Onun fikrincə, Qarabağ məsələsi yenə gündəmdə olacaq:

“Son hadisələr göstərir ki, indiki vəziyyət Azərbaycan cəmiyyətini qane etmir. Xankəndi-Laçın yolunda keçirilən aksiya ilə yanaşı, sosial şəbəkələrdə yayılan fikirlər Azərbaycan ictimaiyyətinin Qarabağdakı vəziyyətdən ciddi şəkildə narazı olduğunu açıq şəkildə göstərir. Bir sözlə, Qarabağ və Qarabağ ətrafı ərazilərdə vəziyyət köklü şəkildə dəyişilməlidir. Azərbaycan hakimiyyəti bunu başa düşür. 2023-cü ildən qeyri-qanuni erməni silahlı qüvvələri Qarabağdan çıxarılacaq. Tədricən vəziyyət dəyişiləcək. Hadisələr belə inkişaf etməsə, biz başqa vasitələrə əl atmalı olacağıq.

Güman edirəm ki, Rusiya sülhməramlıları vəziyyəti olduğu kimi dəyərləndirəcək və Azərbaycanla əməkdaşlığa qoşulacaqlar. Hesab edirəm ki, Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə birgə səylər göstərəcək. Beləliklə, regiondakı vəziyyət beynəlxalq hüquq normaları çərçivəsində inkişaf edib, transformasiyaya uğrayacaq”.

Politoloqun sözlərinə görə, gələn il Azərbaycanın inzibati orqanları Qarabağın dağlıq hissəsində fəaliyyətə başlaya bilərlər:

“Təbii yeraltı faydalı qazıntı yataqlarında monitorinq həyata keçirilməlidir. Bundan sonra Azərbaycanın inzibati orqanları, icra strukturları regionda fəaliyyətə başlamalıdır. Proses 2023-cü ildən başlayacaq. Əgər bu baş tutmasa, hərbi toqquşmalar baş verə bilər. Düşünürəm ki, ümumiyyətlə, gələn il regionda Azərbaycanın rolu daha da möhkəmlənmiş olacaq. Gələn il sülh müqaviləsinin imzalanmasına da ümid var. Əlbəttə, bunun ilin əvvəlində, ortasında, yaxud sonunda olacağını demək çətindir. Ancaq gözləmək olar. Çünki qarşı tərəfin resursları sürətlə tükənmək üzrədir”.

İ.Valizadə Ukrayna-Rusiya müharibəsi ilə bağlı gözləntilərini də dilə gətirib:

“Digər yandan Rusiya-Ukrayna münaqişəsinin inkişafında ciddi dəyişikliklər gözləyirəm. Çünki hər iki tərəfin resursları tükənir. Münaqişə davam edəcəyi təqdirdə tərəflərin itkiləri artacaq. Bu müharibə yalnız Ukrayna və Rusiya cəmiyyətinə aid olan məsələ deyil. Düşünürəm ki, müəyyən səylərlə hadisələrin axarı dəyişdiriləcək. Bu nə vaxt olacaq, demək çətindir. Düşünürəm ki, burada Ukrayna Silahlı Qüvvələrinin artan qələbəsi mühüm rol oynayacaq”.

 

Bakı Politoloqlor Klubunun rəhbəri Zaur Məmmədov vurğulayıb ki, gələn il bizim üçün əsas siyasi mövzu yenə də Qarabağla bağlı olacaq:

“2023-cü ildə əsas mövzular Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları, Qarabağın dağlıq  hissəsindəki təxribatçı çağırışların dayandırılması, bəzi region dövlətlərinin Azərbaycanı təhdidi fonunda Respublikanın öz təhlükəlisizliyi ilə bağlı atacağı addımlar olacaq. 2022-ci ildə Azərbaycan və Ermənistan arasında danışıqlar davamlı oldu. Ancaq Ermənistanın destruktiv mövqeyi səbəbindən müsbət irəliləyiş olmadı. Azərbaycan Ermənistanın baş naziri Nikol Paşinyana ultimatumlar verib. Ola bilsin ki, gələn il o, özündə güc tapıb bizim tələblərimizə əməl etsin”.

Bundan əlavə, gələn il regionların idarə edilməsində də dəyişiklik gözlənilir:

“Gələn il regionların idarə edilməsində bir sıra dəyişikliklər, yerli özünüidarəetmə orqanları ilə bağlı qərarların verilməsi gözləniləndir. Regionların idarə edilməsində optimallaşmaya ehtiyac var. Bu aspektdən Bakı şəhəri də daxil olmaqla, bütün rayonlarda icra hakimiyyəti institutunda bir sıra islahat və dəyişikliklərin edilməsi müzakirə mövzusudur. İcra hakimiyyəti və bələdiyyə institutunun bir-birilə münasibətlər sistemi müzakirə predmeti olacaq”.