Artıq beşinci gündür ki, Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin, qeyri-hökumət təşkilatları üzvlərinin və ekologiya fəallarının rəşadətli Ordumuzun iki il öncə, 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqla erməni işğalından azad etdiyi Şuşa şəhəri yaxınlığında, Xankəndiyə gedən yolda, Rusiyanın “sülh” anlayışına özünəməxsus şəkildə yanaşan sülhməramlılarının postu qarşısında etiraz aksiyası davam edir.
Artıq beşinci gündür ki, əsas missiyası işğaldan azad olunmuş ərazilərdə sülhün təmin edilməsi olan, lakin məramı bu missiyaya uyğun gəlməyən rus hərbiçiləri ilə sülhsevər dövlətin vətəndaşları üz-üzə durublar…
Erməni əhalinin Xankəndinə gediş-gəlişinə maneə törətməkdə ittiham edilən aksiya iştirakçıları Qarabağda yerləşən faydalı qazıntı yataqlarının istismarının qarşısının alınmasını, Azərbaycan nümayəndələrinin son dövrdə qeyri-qanuni istismarı intensivləşmiş “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarına maneəsiz girişinin təmin edilməsini, monitorinq qrupunun Xankəndinə buraxılmasını, ümumilikdə bu bölgədə ekoloji terrora son qoyulmasını və sülhməramlıların bu növ terrora qarşı tədbirlərə mane olmamasını haqlı olaraq tələb edirlər.
Son günlər aksiya iştirakçıları Laçın dəhlizinin tam nəzarətə götürülməsi, Xankəndində sığınacaq tapmış erməni terrorçuların bölgədən çıxarılması, Azərbaycanın müvafiq qurumlarının bu ərazilərdə nəzarət məntəqələrinin yaradılması, Azərbaycan vətəndaşları olmaqla Xankəndində yaşayan ermənilərə rəsmi Bakının humanitar yardım göstərmək istəyinin gerçəkləşməsinə imkan verilməsi ilə bağlı təkliflər də irəli sürüblər.
Məlum olduğu kimi, mütəxəssislərimiz tərəfindən dekabrın 10-da Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının monitorinqinin aparılması əvvəlcədən razılaşdırılsa da, bu tədbiri gerçəkləşdirmək mümkün olmayıb.
Həftənin əvvəlində separatçı “Dağlıq Qarabağ Respublikasının informasiya qərargahı” yaydığı məlumatda azərbaycanlıların aksiyasını “aqressiv və destruktiv davranış” kimi qiymətləndirərək bu addımı “qəbuledilməz” sayıb və yerli rəhbərliyin Rusiya sülhməramlı kontingentinin komandanı ilə əlaqə saxladığını və “vəziyyəti həll etmək üçün bütün mümkün tədbirlərin görüldüyünü” açıqlayıb. Bu halda “Qara məni basınca…” zərb-məsəli yada düşür…
Ölkəmizə qərəzli mövqedən yanaşan bir sıra dövlətlər, o cümlədən Avropa İttifaqı Azərbaycandan Xankəndiyə gedən yolu açmağını istəyiblər. Halbuku, yolu biz yox, əlisilahlı sülhməramlılar bağlayıblar. Bunu açıq şəkildə Azərbaycan Prezidentinin köməkçisi də bildirib: “Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddialarını qətiyyətlə rədd edirik”. Hikmət Hacıyevin qeyd etdiyi kimi, ölkəmizin vətəndaş cəmiyyəti nümayəndələri “talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır” və mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə “qarışmırlar”.
Bu gün bizim etiraz aksiyamıza “don geyindirən” erməni terrorçularına, öz missiyasını unutmuş olan sülhməramlılara və onların avropalı havadarlarına Silahlı Qüvvələrimizin Ali Baş Komandanın bir kəlməsini xatırlatmaq istərdim: “Dəmir yumruq yerindədir”…
Ruhiyyə Məmmədova