İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Çin-Körfəz Əməkdaşlıq Təşkilatı zirvəsindən sonra qəbul edilən yekun bəyannamədə ölkəsinə qarşı ittihamları qınadıqlarını bildirib.
Kənani bəyanata İranla bağlı bəzi məqamların daxil edilməsinə təəccübləndiklərini deyib.
İranın nəzarətində olan BƏƏ-nin Bəsrə körfəzindəki Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları ilə bağlı məqamlara toxunan XİN sözçüsü söyləyib: “İran bu adalarla bağlı istənilən iddianı öz daxili işlərinə və ərazisinə müdaxilə kimi qiymətləndirir və bunu qətiyyətlə qınayır”.
Məsələ ilə bağlı Çinin Tehrandakı səfiri Çanq Xuanın XİN-ə çağırıldığını deyən Kənani İranın ciddi narazılığının ona çatdırıldığını bildirib.
Digər tərəfdən, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tvitter hesabından mövzu ilə bağlı açıqlama verib. O, İranın ərazi bütövlüyünə hörmətin zəruriliyi ilə bağlı heç kimə dözməyəcəklərini deyib.
“Fars körfəzindəki üç ada Əbu Musa, Kiçik Tunb və Böyük Tunb İran torpaqlarının ayrılmaz hissələridir və əbədi olaraq bu vətənə məxsusdur”, – Abdullahiyan qeyd edib.
Çin lideri Si Cinpinin Səudiyyə Ərəbistanına səfəri zamanı qəbul edilən bəyanatda İranı bölgə və qonşu ölkələrin daxili işlərinə qarışmamağa çağırılıb. Bəyanatda BƏƏ-nin Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı İranla münaqişənin beynəlxalq hüquq çərçivəsində və ikitərəfli danışıqlar yolu ilə həllinə nail olmaq cəhdi də daxil olmaqla, bütün dinc səylərə dəstək vurğulanıb.
İran və BƏƏ uzun illərdir Hörmüz boğazına yaxınlığı və regiondakı neft potensialına görə strateji mövqedə olan Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları üzərində mübahisə edir. Adalar 1971-ci ilə qədər İngiltərənin nəzarətində olub. 1971-ci ilin noyabrında İngiltərə adaları BƏƏ-yə təhvil verərək geri çəkildikdən sonra İran əraziləri işğal edib. BƏƏ adalarda hərbi qüvvələrini yerləşdirən İranı “işğalçı” adlandırır. (teleqraf.com)