Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova vəsatət qaldıraraq müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Vəsatət təmin olunmayıb.
Məhkəmə baxışı dekabrın 20-nə təyin olunub.
İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəylinin Səbail rayonu ərazisində yerləşən evində xadimə işlədiyi müddətdə mənzildən qızıl-zinət əşyalarını və nağd pul vəsaitlərini oğurlayıb. Nəticədə Orxan Qədimbəyli və Fəridə Qədimovaya ümumilikdə 803 118 manat ziyan dəyib.
Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində ehtiyacı olduğu üçün oğurluq etdiyini deyib. O, oğurladığı pul və qızıl-zinət əşyalarının miqdarının 803 118 manat deyil, 217 min manat olduğunu bildirib. Həmin əşyaları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb. İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Oğurluq əşyalar polis tərəfindən tapılaraq sahiblərinə qaytarılıb.
İstintaq orqanı tərəfindən Ruzan Cabbarova Cinayət Məcəlləsinin 177.4 (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.Trend