Şuşadan Ermənistana edilən növbəti xəbərdarlıq…

Prezident: “Bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır”

Ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı dövlət siyasətinin əsas məqsədidir. Dövlət tərəfindən atılan hər bir addım bizi Qarabağın azadlığına yaxınlaşdırırdı. Necə deyərlər, bütün yollar Qarabağın azadlığına gedirdi. Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Yollar bizi Qarabağa çıxardı. Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi bir daha özünü təsdiq etdi. Böyük Qələbə Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsidir. Bu, uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Bu gün Qarabağımızı azad görmək, işğaldan azad olunan ərazilərdə abadlıq-qruculuq işlərinin aparılması, ayrıca bu ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi məhz düzgün aparılan dövlət siyasətinin bariz nümunəsidir. Artıq Qarabağ beynəlxalq birliyin diqqət mərkəzinə çevrilib. Şuşada iki ərzində saysız tədbirlər təşkil olunub. Buradan əcnəbi qonaqlar böyük təəssüratla qayıdırlar. Yeri gəlmişkən, noyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə Zəfər Günü münasibətilə Şuşada daha bir tədbir təşkil olunub. Bu tədbirdə Prezident İlham Əliyev çıxşında Ermənistana, ümumiyyətlə, beynəlxalq aləmə bir sıra mesajlar verib. Dövlətimizin başçısı deyib ki, Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir: “Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu”. Bu arada Prezidentin bu çıxışı Ermənistanı qorxuya salıb. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 10-da hökumət iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidentinin Şuşada 8 noyabr tarixli çıxışını təhrif edən fikirlər səsləndirib. Nikol Paşinyan hesab edir ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələlər həll olunanadək sülhməramlıların səlahiyyət müddəti artırılmalıdır. Paşinyan Azərbaycanın Laçın dəhlizi, eləcə də Qarabağ erməniləri ilə bağlı məqsədi haqda sərsəm iddialar səsləndirib. Bununla Paşinyan 10 noyabr bəyanatında Ermənistanın üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyini ört-bastır etməyə çalışır. Bir da aydın görünür ki, Laçın dəhlizi Ermənistanın qorxulu röyasına çevrilib. Buna qarşı olaraq Ermənistan bütün çəhdlərə, hətta terrora belə, əl atır. 13-14 sentyabrda da məhz buna görə  Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdi. Ermənistan bu kimi vasitələrlə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında kommunikasiyaların açılmasına imkan verməməyə çalışır. Hansı ki, bütün bunlar Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Buna görə də Prezident Şuşadan Ermənistan bir daha xəbərdalıq edib. Prezident deyib ki, Ermənistan iki il əvvəl – noyabrın 10-da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. O bildirib ki, erməni silahlı qüvvələri hələ də Qarabağdadır: “Azərbaycanın səbri tükənməz deyil. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bir daha xəbərdarlıq etmək istəyirəm: Ermənistan öhdəliklərini yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq”.

Görünür, Vətən müharibəsində lazımi dərsini almayan Ermənistana növbəti dəfə “dəmir yumruq” zərbəsi dəyməlidir. Cənab Prezident Şuşadakı tədbirdə də bunu Ermənistana bir daha açıq şəkildə xatırladıb: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr – bütün bunlar Ermənistan üçün dərs olmalıdır”.

Bu gün Ermənistan çox zəifləmiş şəkildədir. İşğalçılıq siyasəti Ermənistanın iqtisadiyyatın zəifləməsinə və nüfuzunun düşməsinə səbəb olub. Hər halda bu baxımdan seçim Ermənistanındır. Əgər sülh danışıqlarında konsturuktiv mövqe göstərərsə, onun böhran vəziyyəti dayancaq. Azərbaycanın təzyiqi Ermənistan dövlətinin zəifləməsinə, o cümlədən Azərbaycanın bütün variantlardan istifadə etməsinə gətirib çıxarda biləcək.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu