Agentliyin dəstəyi ilə “Tarix yazan igidlərimiz” sənədli filminin çəkilişi başa çatıb

Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Zəfər tariximizin yaratdığı reallıqlar və müasir dövrün çağrışları” layihəsi çərçivəsində Şəhidlərimizdən bəhs edən “Tarix yazan igidlərimiz”  sənədli filminin çəkilişini yekunlaşdırıb.

QHT-nin sədri Əkrəm Bəydəmirlinin verdiyi məlumata görə, Şəhidlərimizin əziz xatirəsinə ehtiramımızı bildirirək  “Tarix yazan igidlərimiz”  sənədli filmini yüksək səviyyədə ərsəyə gətirdik. Gənclərin dünyagörüşünə, həyata baxışına bu, filmlər təsir etmək gücündə olacaq. Bu baxımdan  qəhrəmanlarımızın həyat yolu və döyüş anlarından bəhs edən filmi çəkmək strateji mahiyyət kəsb edir.  Hər bir Şəhidimiz qəhrəmandır. Onların hər biri haqqında kitablar yazılmalı, filmlər çəkilməlidir. 44 günlük Vətən müharibəsində böyük fədakarlıq göstərən 18 yaşlı gəncimiz Həsənağa Şirvaninin, I və II Qarabağ müharibəsinin  iştirakçısı baş leytenant Samir Şükürovun, XTQ-nin əfasənəvi döyüşçüsü, Şuşanın fatehlərindən biri gizir Samir Mehdiyevin həyat və döyüş yolundan bəhs edən “Tarix yazan igidlərimiz”  sənədli filminin yaxın vaxtlarda təqdimatı keçiriləcək.

Xatırladırıq ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyevdir.