Bakıda “3-cü mikrorayon dairəsi”ndə körpünün vəziyyəti görənləri qorxudur.
Körpünün vəziyyəti barədə videolar sosial şəbəkədə paylaşılıb.
Sosial şəbəkə istifadəçiləri körpünün qəzalı vəziyyətdə olduğu, ərazidən keçən nəqliyyat vasitələrinin təhlükə ilə qarşı-qarşıya qaldığını paylaşırlar. Bu cür məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, respublika ərazisində, eləcə də Bakıda körpülər mütəmadi yoxlanılır:
“Hər hansı problem olduqda dərhal aradan qaldırılması üçün lazımi addımlar atılır. Həmin körpüdə problem olsaydı, körpü üzərində nəqliyyatın hərəkəti dayandırılardı və körpü təmirə bağlanardı. Narahatlığa heç bir səbəb yoxdur.
Qeyd edim ki, bütün körpülərdə temperatur şovu var. Yəni, soyuq aylarda dəmir-beton bir az yığılır, isti havalarda isə nisbətən genişlənir. Bu şovlar o prosesi tənzimləyir. Hər şey qaydasındadır”.