“Ziyalı Ocağı” İctimai Birliyi “Diqqət!-danışır Bakı!” adlı konfrans keçirdi
Tədbir Zoom vasitəsi ilə yayımlandı
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi oktyabr ayının 31-də Zoom proqramı çərçivəsində “Diqqət!-danışır Bakı!” adlı video görüntülü konfrans gerçəkləşdirdi.
Bakı vaxtı ilə saat 1400-da başlayan, Zoom vasitəsi ilə yayımlanan proqramda həm yerli, həm də xarici ölkələrdən yayıma qatılan izləyici kütləsi ilə Azərbaycan həqiqətlərinin və eləcə də ölkəmizin, həm daxildə, həm də beynəlxalq arenada milli maraqlarının qorunması ictimai müzakirəyə çıxarıldı.
Layihə rəhbəri İlahə Əliyeva bildirdi ki, ölkəmizin beynəlxalq aləmdə milli maraqlarının qorunması birbaşa mənada bütün ölkə vətəndaşlarının, eləcə də dünya azərbaycanlılarının, ümumilikdə Türk dünyasının ən ümdə vəzifəsidir. Bu layiqli və şərəfli vəzifənin öhdəsindən gəlmək üçün hər birimiz öz töhfəmizi verməliyik.
Son otuz ildə Azərbaycan və onun vətəndaşları mənfur qonşumuz işğalçı Ermənistan tərəfindən çox saylı terror aktlarına, amansız işğallara, milli təhqirlərə, vandalizmə məqruz qaldı. Torpaq oğrularının, uşaq qatillərinın ümumi yığnağı olan Ermənistanın iç üzü bütün dünyaya olduğu kimi tanıdılmalıdır. Bu üzdəniraqlar özlərinin əsl simalarını bizim işğaldan azad olunmuş 7 rayonumuzda apardıqları vandallıq aktları ilə ortaya qoyublar. Həyata keçirdiyimiz layihə çərçivəsində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə Azərbaycan və İngilis dillərində “İşğal” adlı film lentə aldıq. Filmin çəkilməsində əsas amacımız bütün beynəlxalq aləmə, bütün sülhsevər bəşəriyyətə işğalçı Ermənistanı terrorçu bir dövlət kimi tanıtmaqdır”.
Tarix elmləri doktoru, professor Şikar Qasımov çıxış üçün söz alaraq bildirdi ki, -“Bədnam qonşularımız tərəfindən Qarabağ ərazisi, 7 rayonumuz amansızcasına işğal olundu. Biz cənab Ali Baş Komandanımız İlham Əliyevin və onun igid, rəşadətli Ordusunun iştirakı ilə illərlə işğal altında qalan, mənfur yağı tapdağı altında inildəyən vətən torpaqlarını azad etdik”.
Konfrans iştirakçılarına ətraflı, izahlı şəkildə məlumat verən professor Şikar Qasımov bəyan etdi ki, “əgər biz milli, mədəni, ortaq dəyərlərimizə sahib çıxmasaq, nə tariximizi bilərik, nə torpağımızı, nə də vətənimizi qoruya bilərik.”
Türkiyədən konfransa qatılan Kocaeli Universitetinin müəllimi Tekin Yekin bəyan etdi ki, -“Biz bir millətik-Azərbaycanın əlinə tikan batsa bizim ürəyimizə batar”- deyə öz çıxışına başladı. O çıxışında iki qardaş dövlət arasında tarixi bağlardan bəhs etdi. Və bildirdi ki, qəhrəman Azərbaycan əsgəri işğal altında olan torpaqlarını azad etdi, öz hürriyyətinə qovuşdurdu. Bütün dünya mediası bunu gördü və biz də bunu gördük, iftixar etdik, qürurluyuq”.
Layihənin eksperti Rəsul Mirhəşimli bildirdi ki, “Ziyalı Ocağı” İctimai Birliyi layihə çərçivəsində böyük işlər gördü. Mən buna təkcə layihənin eksperti kimi deyil, kənardan bir müşahidəçi də olaraq diqqət yetirdim. Müxtəlif təhsil ocaqlarında, o cümlədən ali məktəbdə nə qədər maraq kəsb edən məsələlər ortaya çıxdı. Layihə çərçivəsində lentə alınan “İşğal” filmi görülən mühüm işlərdən biri idi”.
Qırğızıstanın “Akın” Fondundan tədbirə atılan Kunduzbu Mamatova –Azərbaycan-Qırğızıstan mədəni əlaqələrindən danışdı. O vurğuladı ki, “qardaş Azərbaycanın sevincinə sevinir, dərdinə şərik oluruq. Biz bütün hallarda işğalçılıq siyasətinin əksinəyik”.
Qaraqalpaqıstan Muxtar Respublikasından tədbirə qatılan Şaira Dovlatova öz çıxışını milli ruhda yazılmış, türkün tarixi bağından bəhs edən şeir üzərində qurdu. O söylədi ki, “biz həmişə Azərbaycanda baş verən siyasi hadisələri diqqət mərkəzində saxlayırıq. Bizim Azərbaycana xüsusi bir sevgimiz vardır. Mən Azərbaycanda oldum. Bu gözəl qardaş diyarı və onun mehriban insanlarını sevməmək mümkün deyildir”.
Almaniyadan konfransa qatılan Şərifə Cəfəri öz çıxışını bir azərbaycanlı olaraq, Almaniyada və digər Avropa ölkələrində apardığı təbliğat və təşviqat işindən danışdı. Şərifə xanım bildirdi ki, -“Azərbaycan bütün dünya azərbaycanlılarının ümumi evidir. Burada baş verən bütün hadisələri dərindən izləyirik. İşğaldan azad edilmiş torpaqlarımızda ermənilərin apardığı vandallıq aktlarını pisləyir və lənətləyirik”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zəminə Səfərova öz çıxışında vurğuladı ki, -“Azərbaycan təkcə Ermənistanla müharibəni aparmayıb. Azərbaycan yalnız dünya erməniliyi ilə müharibə aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibəni aparıb və bu müharibədə Qələbə qazanıb. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Sübut etmişik ki, ölümə getməyə hazırıq. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz. Şəhidlərin qisasını düşməndən döyüş meydanında aldıq. Onların qanı yerdə qalmadı, bu, onların yaxınları üçün, qohumları üçün, bütün Azərbaycan xalqı üçün təsəllidir”.
Çıxış üçün söz alan “Zərif” qadın ədəbi məclisinin sədri Xatirə Fərəcli isə bildirdi ki, bu qəbildən olan tədbirlərin keçirilməsi təqdirəlayiqdir.
Konfransın sonunda iştirakçılara Azərbaycan həqiqətlərini özündə əks etdirən “İşğalçı” adlı sənədli filmin izlənməsi tövsiyə olundu, onlara işğalçı və qəsbkar Ermənistanın iç üzünün açılmasında bu filmin mahiyyətindən danışıldı.
Məlumat üçün bildirək ki, “Ziyalı Ocağı” İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə reallaşdırdığı “Milli maraqların qorunması parlaq gələcəyin təminatıdır” adlı layihə iki aylıq bir müddəti əhatə edir.