Qorxulu Tehran yenə stressə düşüb

Müşahidələrimizə əsaslanıb onu deyə bilərik ki, İran Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə düşmən münasibətlər qurmaq istəyir.

Bu gün sirr deyil ki, ABŞ-ın və Qərbin sanksiyaları İran iqtisadiyyatını tamamilə çökdürür. Məhz belə məqamda iqtisadi böhran məngənəsində boğulduğu indiki dövrdə hərbi təlimlərə başlamaq və mütəmadi olaraq çevrəsində olan dövlətlərə barmaq silkələmək qonşuluq prinsiplərinə, beynəlxalq münasibətlərə və islami dəyərlərə uyğun deyil.

Hər dəfə bu fikir qeyd olunub ki, bütün xarici təzyiqlərə, təsirlərə baxmayaraq, Azərbaycandan İrana qarşı heç zaman zərrə qədər də olsa  xoşagəlməyən addımlar atılmayıb. Hadisələri düzgün təhlil edən, ağlı başında olan İran rəsmiləri də bütün bu məqamları dərk etməlidirlər. Görünən odur ki, qonşu dövlətin başbilənləri bu məqamlları görə bilmir.

İranın Ermənistan sevgisi isə “Düşmənimin düşməni mənim dostumdur” prinsipinə daha çox oxşayır. Ancaq bir vacib məqam var, antisivil, antidünya siyasəti uzun müddət davam gətirə bilməz. Bu fars rejimi anlamır ki, Qərb və ABŞ Ermənistandan istifadə etməklə İranı çökdürməyə çalışır.

Digər bir vacib məqam ondan ibarətdir ki,  İran Azərbaycanın güclənməsini, qüdrətli dövlətə çevrilməsini həzm edə bilmir. Bu zavallı İran Azərbaycan-Türkiyə əməkdaşlığından  və ümumilikdə türk dövlətləri arasında dərinləşən əlaqələrdən möhkəm sress keçirir. Bəzən bu stresslər metastaz verə bilər. O zaman sükut pozular. İranda kimin iqtidar olmasından asılı olmayaraq, orada bizim 40 milyondan artıq soydaşımız yaşayır. Yəni belə qərəzli mövqeydən əl çəkməyəndə İranda sükut pozula bilər. İran kimi bir dövlətdə istər daxili, istərsə də xarici faktorların təsiri nəticəsində sükutun pozulması mümkündür

Nəlbəkidə fırtına qoparan İran rejimi dərk etməlidir ki, Azərbaycanın üzərindən keçən nəhəng iqtisadi layihələrə qoşulub öz ölkəsini ağır tənəzzüldən qurtara bilər. Zəngəzur dəhlizi yalnız Azərbaycan və Türkiyə üçün deyil, ümumilikdə region üçün faydalı olacağı şübhəsizdir. Belə nəhəng iqtisadi proqramlara qoşulmaq əvəzinə görün, zavallı İran nəyin fərqindədir.

Bu zavallı İran bütün islami dəyərlərin ziddinə olaraq Ermənistana qucaq açıb. Regiona bu qədər fəlakətlər gətirən, dini abidələri, ziyarətgahları, məscidləri, qəbirləri dağıdan, şəhərləri yer üzündə silən Ermənistana qardaş, dost deyən İran bu gün necə islam dövləti olar bilər? Təəssüf  ki, belə acı reallıqla üzləşmişik.

İran nəhayət ki, acı reallığı dərk edib, Azərbaycanla dost olmaq istəyirsə, Türkiyənin, Pakistanın və digər qeyri müsəlman ölkələrin Azərbaycanla səmimi davranışından, dostluq münasibətlərindən nəticə çıxarmalıdır, ibrət dərsi götürməlidir. Azərbaycanla hədə yolu ilə deyil, səmimi, ləyaqətli qonşuluq prinsipləri, islami dəyərlərə söykənərək dost olmaq mümkündür.

Əkrəm Bəydəmirli