17 oktyabr 2022-ci il tarixdə Şirvan şəhər 21 saylı tam orta məktəbdə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətənim Azərbaycandır!” layihəsi çərçivəsində 8-12 yaş məktəblilər arasında vətənpərvərlik haqqında şeir müsabiqəsi keçirildi. Tədbir, Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız 1 dəqiqəlik sükutla yad olundu. Daha sonra tədbiri giriş sözü ilə Şirvan şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva açaraq hər kəsi salamladı və vətənpərvərlik haqqında, vətən sevgisinin önəmi barəsində danışdı.
Sonra söz “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri Elvin Talışınskiyə verildi. E.Talışınski milli-mənəvi dəyərlərimizin qorunmasından, vətənpərvərlik hisslərinin yeniyetmə və gənclərə aşılanmasının vacibliyindən bəhs etdi.
Növbəti çıxış üçün söz tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanova verildi. A.Qurbanov vətənə məhəbbətdən, vətən sevgisindən danışdı. Bu hisslərin kiçik yaşlarından uşaqlarda formalaşdırılmasından, inkişaf etdirilməsi məsələlərinə toxundu.
Növbəti çıxışçılar Şirvan Təhsil sektorunun müdiri Fəzilə Mahmudova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Şirvan şəhər 21 saylı tam orta məktəbin direktoru Səadət Quliyeva və “YOL” yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və təhlükəsizliyi İctimai Birliyinin sədri Rüfət Axundov bu cür tədbirlərin və müsabiqələrin həyata keçirilməsinin vacibliyini, eyni zamanda yeniyetmə və gənclərdə formalaşdırılması istiqamətində işlərin görülməsinin daha çox olmasını dəstəklədiklərini bildirdilər. Daha sonra “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədr müavini Qorxmaz Paşayev ümumi layihə haqqında məlumat verdi. Təşkilatın bu günə qədər gördüyü işlərdən danışdı.
Çıxışçılardan sonra söz şeir müsabiqəsinin iştirakçılarına verildi. Müsabiqə iştirakçıları yaradılmış münsiflər heyəti tərəfindən hər biri tək-tək dinlənildi. İştirakçılar arasından Ağazadə Ayla 1-ci, Qəfərli Əlişan 2-ci, Ağacanova Aysun 3-cü yerlərin qalibləri oldular. Sonda müsabiqə və tədbir iştirakçıları ilə birgə xatirə foto şəkil çəkdirildi.