30 ilə yaxın idi ki, Azərbaycan torpaqlarının 20 faizinin işğalı, bir milyon insanının öz torpaqlarından qovulması beynəlxalq hüququn artıq işləməməsi, ikiüzlü siyasətin nəticəsi idi. BMT-nin Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnamə Ermənistan tərəfindən icra edilməsə də, Azərbaycan Ordusu bu qətnamələrin icrasını təmin etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Azərbaycan şanlı Zəfər qazanmaqla bunu sübut etdi. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində çox böyük əzmkarlıq göstərdi. Müzəffər Ordumuz bu müharibədə xilaskarlıq missiyasını uğurla davam etdirdi. Oktyabrın 17-də Füzuli rayonunun işağldan azad edilməsi Azərbaycan Ordusuna əlavə mənəvi güc qazandırdı.
Füzuli uğrunda hələ ilk Qələbə Ulu Öndər Heydər Əliyevin əmri ilə qazanılmışdır. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı. Düz 27 il idi ki, füzulililər doğma ata-baba topaqlarının tamamilə erməni işğalından azad olunmasını gözləyirdilər. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu bu sevinci füzulililərə, ümumiyyətlə, dünya azərbaycanlılarına yaşatdı. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. Füzulinin azad olunması ilə digər rayonlar üçün sanki qapı açılmışdır. Bu rayonun azad olunması müharibənin taleyinin həllində böyük rolu olmuşdur. Çünki düşmən maksimum Füzuli rayonunu əldən vermək istəmirdi. Ermənilər illər idi ki, Füzuli rayonunun müdafiəsi üçün çətin keçidli səddlər qurmuşdurlar və heç gözləmirdilər ki, Azərbaycan Ordusu belə asanlıqla onların müdafiəsini yarıb darmadağın edəcək.
Erməni vəhşiliyinin təzahürləri Füzulidə də açıq-aydın görünür. Erməni işğalında olan rayonlardan ən çox Füzuli dağıntılara məruz qalıb. Ermənilər bu rayonda daşı daş üstə qoymayıblar. Füzuli rayonuna gələn hər bir əcnəbi qonaq erməni vəhşiliyini görür. Artıq dünya bu vandallığı inkar edə bilməz. Ermənilər məqsədli şəkildə işğal dövründə buraya heç kimi, hətta beynəlxalq təşkilatların nümayəndələrini buraxmırdılar. Prezident İlham Əliyev bu haqda danışarkən deyib ki, rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır: “Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılacaqdır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – yüz mindən çox mina basdırılıb”.
Cənab Prezident işğaldan azad olunmamışdan əvvəl Füzuli rayonunun bizdə olan hissəsinə 12 dəfə səfər etmişdir. Füzuli rayonu işğaldan azad edildikdən sonra isə dövlətimizin başçısı bu rayonda 9 dəfə olub. Bu səfərlərində ölkə başçısı bir sıra obyektlərin təməlqoyma və açılışında iştirak edib. Hətta təməlini qoyduğu bir neçə obyektin artıq açılışı da olub. Bunlardan Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanın açılışını qeyd etmək olar. Göründüyü kimi, digər rayonlar kimi, Füzuli rayonu da Prezident İlham Əliyevin daimi diqqət mərkəzindədir.
Hazırda Azərbaycan dövləti Füzuli rayonunu və kəndlərini də yenidən bərpa edir. Ötən iki il ərzində bu baxımdan Füzulidə çox böyük işlər görülüb. Paralel olaraq Füzuli rayonunda da minatəmizləmə işləri aparılır. Rayonda infrastruktur layihələri icra olunur. Bununla Azərbaycan dövləti ermənilərin dağıtdığı Füzuli rayonuna yeni həyat verir. Cənab Prezidentin tapşırığı ilə işğaldan azad edilmiş bütün ərazilərdə bərpa-quruculuq işləri aparılır. Azərbaycan dövləti bütün bu işləri öz hesabına edir. Bu da dövlətimizin iqtisadi gücünün daha bir göstəricisidir.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent