Bakı Gənclər Mərkəzində “EMEDIA GROUP” Media Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçirilən “Bir döyüşçünün Zəfər yolu” layihəsi çərçivəsində Vətən müharibəsi qazisi Zakir İmanovun gənclərlə görüşü təşkil olunub. Tədbir Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anılaraq daha sonra Azərbaycan Respublikasının dövlət himni ilə açlış etmişdir. Görüşdə Milli Məclisin deputatı Aydın Hüseynov, Vüqar İskəndərov, DOST Agentliyinin mətbuat katibi Şahin Əliyev, Tədbirin xüsusi qonağı Kurtlar Vadisi filminin aktyoru Erhan Ufak, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri, qazinin ailə üzvləri və gənclər iştirak ediblər. Tədbirin aparıcılığını isə MTV AZƏRBAYCAN televiziya kanalının Baş Redaktoru Zümrüd Şahova etmişdir. Görüş zamanı Zakir İmanov Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıb, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı tarixi Qələbədən bəhs edib. Qəhrəman döyüşçü sıravi əsgərdən ən yüksək rütbəli zabitədək hər kəsin qorxmadan ölümün gözünə dik baxdığını, yalnız bir amal uğrunda vuruşduğunu, düşmənlə üzbəüz dayanan hərbi qulluqçuların xalqın dəstəyini hər zaman hiss etdiklərini və ən çətin anlarda o dəstəkdən güc aldıqlarını deyib. Otuz illik həsrətə həmrəyliyimiz sayəsində son qoyulduğunu bildirən qazi, “Dəmir yumruğun” hələ də yerində olduğunu, düşmən baş qaldırarsa, yenidən sarsıdıcı zərbələr endirəcəyini qeyd edib. O, şəhid olan hərbi qulluqçuların qisasının yerdə qalmadığını, düşmənin törətdiyi hər bir təxribatın, başımıza gətirdiyi zülmlərin intiqamının 44 gün ərzində alındığını vurğulayıb. Z.İmanov gənclərə daim Vətəni, milləti sevməyi, peşələrindən asılı olmayaraq layiqli xidmət etməyi, çalışdıqları sahələrdə dövlətin, xalqın mənafeyini düşünməyi tövsiyə edib. Qəhrəman döyüşçü gənclərə şəhidlərimizin şərəfli həyat və yollarından örnək almağı məsləhət görüb, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə çatdırılmasının və aşılanmasının hər birimizin vəfa borcu olduğunu diqqətə çatdırıb. Sonra Zakir İmanov ona ünvanlanan sualları cavablandırıb. Görüş zamanı ilk dəfə qazinin qızı da atası haqqında fikirlərini bölüşüb, elə bir döyüşçünün övladı olduğu üçün qürur duyduğunu bildirib. Xatırladaq ki, Zakir İmanov Vətən müharibəsi dövründə Zəngilan, Füzuli, Ağdərə rayonları, Tərtərin Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Onun Suqovuşandan qənimət kimi gətirdiyi tank Hərbi Qənimətlər Parkında, sonra Zəfər paradında nümayiş etdirilib. Daha sonra isə istifadəyə yararlı olduğu üçün Ordumuza təhvil verilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. O, həmçinin müxtəlif yerli və beynəlxalq təşkilatlar tərəfindən bir sıra mükafatlara layiq görülüb. Qeyd edək ki, “Bir döyüşçünün Zəfər yolu” layihəsi dövlətin gənclər siyasətinə dəstək, gənc nəsildə vətənpərvərlik hisslərini daha da gücləndirmək məqsədi daşıyır.