Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin yaratdığı reallıqlar və müasir dövrün çağrışları” layihəsi çərçivəsində “Tarix yazan igidlərimiz” sənədli filminin növbəti çəkilişi oktyabrın 2-də Zirə qəsəbəsində baş tutub.
Filmdə Şuşanın azad olunmasında misilsiz qəhrəmanlıq göstərən və Şuşada Şəhid olan XTQ-nin giziri Samir Mehdiyevin həyat və döyüş yoluna nəzər saldıq. Tarixi yenidən yazan, bizə zəfər sevincini yaşadan qəhrəmanlarımız tərəddüd etmədən ən dəyərli və şirin nemət olan həyatlarından keçiblər. Biz həm cəmiyyət, həm də fərd olaraq onlara borcluyuq. Qəhrəmanlarımız haqqında gördüyümüz bu kiçik işlər bizim vəfa borcumuzdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarlıq göstərən və bu müqəddəs yolda Şəhidlik zirvəsinə yüksələn hər bir soydaşımız bizim üçün qiymətlidir. Bu gün belə fədakar, cəsur insanlardan biri haqqında söhbət açdıq. Şuşanı azad edən oğullarımızdan biri gizir Mehdiyev Samir Vaqif oğlunun noyabarın 8-i həm doğum günü, həm də Şuşanın azad edildildiyi tarixdir. Samir Vaqif oğlu cəmi 27 il yaşadı. O, şərəfli ömür yolu və göstərdiyi şücaəti ilə gerçəkdən tarix yazdı.
Xatırladırıq ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyevdir.
Fact-info.az