ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun (ADA Universiteti) birgə təşkilatçılığı ilə sentyabrın 24-dən təlim proqramı başlayıb. Təlim İnstitutun İxtisasartırma Proqramı tərəfindən həyata keçirilir və Afrikanın 14 ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katibləri və nümayəndələri üçün nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, sözügedən regionda ölkəmiz barədə məlumatlılığın artırılması, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri haqqında yeniliklərin çatdırılmasıdır.
Sentyabrın 26-sı baş tutan açılış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açılış nitqi ilə çıxış ediblər.
UNESCO üzrə Milli Komissiyanın baş katibi Seymur Fətəliyev Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 ilinin tamam olduğunu və ölkəmizin bu quruma üzv olduğu müddətdə təşkilatın prinsip və dəyərlərinin təbliğində əhəmiyyətli rol oynadığını vurğulayıb.
İnstitutun İxtisasartırma Proqramlarının direktoru Nərgiz İsmayılova təqdimatla çıxış edərək qeyd edib ki, oktyabrın 8-i başa çatacaq proqram çərçivəsində iştirakçılar ölkəmizlə yaxından tanış olmaq üçün Azərbaycan memarlığının Ümumdünya Mədəni İrs siyahısına daxil olan yerlərini ziyarət ediblər, eləcə də Şuşa və Füzulidə olublar.