Son vaxtlar baş verən meşə yanğınlarının artdığını, insanların bu barədə müxtəlif fikirlər irəli sürdüyünü və hər kəsin bir günahkar axtardığını görürük.
Mən də bir təbiət sevər kimi öz təcrübəmdən doğan düşüncələrimi paylaşmaq istəyirəm.
Kiçik yaşlarımdan heyvanlara və ağaclara qarşı çox həssas, son dərəcə təbiətsevər biriyəm və buna görə həmişə qeyri-adi biri kimi qəbul edilmişəm. 15 ailədən ibarət ümumi həyətdə yaşayırdıq. Həyətin tam ortasında bir ağacımız var idi. Ağacdan yellənçək asılqanı kimi istifadə olunsa da heç kim ona bir canlı, bir can kimi baxmazdı. Mən ağacın dibini belləyər, qurumuş budaqlarını kəsər və vaxtaşırı suyunu verərdim. Çoxları mənə qəribə baxırdı. Bir də pişiklərimiz var idi. Onların ac, susuz və ya soyuqda qalması rus nənələrdən və məndən başqa heç kəsi maraqlandırmazdı.
Canlılara qarşı həssas olduğuma və heyvanlara kobud münasibət bəsləyənlərlə mübarizə apardığım üçün mənə qəribə baxılmasına davam edilirdi. İllərlə mən həmişəki qaydada heyvanlar və təbiətin digər fərdləri ilə münasibətimi davam etdirdim. Harda olduğumdan asılı olmayaraq münasibət yenə eyni idi.
2021-ci ildə ETSN yanında İctimai Şuraya seçilmək üçün namizədliyimi irəli sürdüm. Bəlkə nəsə edə bilərəm, daha faydalı ola bilərəm deyə düşündüm. Altı aydır şuranın vətəndaş müraciətləri ilə şəxsən özüm məşğul oluram və hər gün nazirliyi ittiham edən müraciətlər daxil olur. Kimi ağacların kəsilməsindən, kimi suyun boşa axıdılmasından, kimi ağacların yandırılmasından, kimi balıqların elektrik cərəyanı ilə öldürülməsindən və s. şikayətlər edir. Bu məni çox düşündürür. Bu insanlar əslində bizdən, özümüzdən şikayət etmirlərmi? Axı ağacı kəsən, pişiyin ayağını kəsib gözünü çoxaran, itləri öldürən, meşələri yandıran, nəyinsə qarşılığında ağacların kəsilməsinə göz yuman məmur, iki balıq tutmaq üçün minlərlə balığın kökünü kəsməyi gözə alanlar biz deyilikmi? İşini layiqincə yerinə yetirməyən məmurlar bizdən deyilmi?
Nə baş verir?
Bunun səbəbini mənim qədər yaxşı anlayan azdır məncə. Çünki təbiətə münasibətimə görə həmişə insanlar tərəfindən qəribə qarşılanmışam. Gəlin qəbul edək ki, biz cəmiyyət olaraq təbiətin digər fərdlərinə qarşı çox biganəyik və onların taleyi bizi heç vaxt maraqlandırmayıb.
Əksəriyyəti ancaq yeyə biləcəyimiz bitkilər, yunundan, ətindən və südündən faydalana biləcəyimiz heyvanlar maraqlandırır.
Bu gün 600 sakini olan binanın həyətində balaca bir pişik acından ölürsə, itlər acından insanlara hücum edirsə bunun günahkarı bizlərik. Meşələrimiz yanırsa, dənizimiz çirklənirsə, içməli suyumuz bitirsə bunun günahkarı bizlərik.
Bu mövzu məni hər zaman maraqlandırıb və həm bir ekoloji təşkilat kimi, həm də bir ailə məsləhətçisi kimi bu təbliğatı artıq formalaşmış insanlar arasında deyil, az yaşlı uşaqlarla aparılması, sevginin kiçik yaşlarında aşılanması düşüncələrin bu yöndə formalaşmasına daha çox təsir edə biləcəyi qənayətindəyəm. Münasibətin dəyişməsi üçün uşaq baxçalarında istifadə edilməsi üçün kiçik kitabçalar hazırlanmalı, baxça müəllimləri, az yaşlı uşaqları olan analar və analığa namizədlər maarifləndirilməlidir. Təbiətə yaxın olmağın faydalarını bilən valideynlərin bu mövzuya daha fərli yanaşacağına inanıram.
Biz öncə uşaqların məsuliyyətini də dərk etməliyik, cəmiyyətə düzgün şəxsiyyətlər yetişdirməli olduğumuzu unutmamalıyıq. Şəxsiyyət kimi yetişdirə bilmək üçün də, onun yalnız cismani sağlığına deyil, həmçinin ruhi sağlığına, düşüncələrinə də diqqət yetirməliyik. Ruhi sağlıq deyərkən isə uşağın psixoloji vəziyyətini nəzərdə tuturam. Uşağın psixoloji durumunu düzgün şəkildə formalaşdırıb istiqamətləndirsək və onu inkişaf etdirsək, bu zaman ortaya ürəkaçan mənzərə çıxacaqdır.
Yetişdirdiyimiz insanın öz ətrafına münasibətini düzgün formalaşdırması həm özü, həm də ətrafı üçün çox vacibdir. Ona sevgi göstərdiyimiz qədər ətrafına sevgi bəsləməyi də öyrətməliyik. İnsanların həyatında ən böyük problemlər sevgi doyumsuzluğundan yaranır, nəyə görə də onları bundan məhrum edək?! Biz ki onlar üçün problemsiz bir gələcək vəd etmək istəyirik. Lakin sevgi deyəndə yalnız bizim onlara ötürdüyümüz sevgi nəzərdə tutulmamalıdır, eyni zamanda uşaqlara heyvanlar və təbiətin digər fərdləri vasitəsilə də sevgi ötürülməlidir. Məsələn uşağın evdə heyvan bəsləməsi, sosiallaşmasına çox böyük təsir göstərir. Uşaq heyvana sevgi göstərir və onun qarşılığını heyvandan alır, bu zaman uşaq sevgini, sevməyi və onu paylaşmağı öyrənir. Özündən zəif birinə qayğı göstərmək onları şəxsiyyət kimi formalaşdırır. Ona görə də uşaqlara, heyvanlar onların dostuymuş kimi sevgi göstərməli,onları incitməməli olduqları fikrini aşılamaq lazımdır. Onlara ağacların bizə nəfəs qədər dəyərli olduğu, boşa axıdılan suyun həyatımız qədər önəmli olduğu öyrədilməlidir. Torpaqla təmasda olmağın sağlamlıqlarına olan müsbət təsiri öyrədilməlidir.
Təbiətlə qarşılıqlı münasibətin düzgün qurulması həm bizim sağlamlığımıza həm də dünyanın gələcəyinə müsbət təsiri insana bəlli bir xarakterlə formalaşdıqdan sonra deyil, kiçik yaşlardan aşılanmalıdır. Həm də sevgi yaradılmalıdır. Çünki biz sevdiklərimizi daha çox qoruyur və qayğısına qalırıq.
Bu cür işləsək cəmiyyətimizdə insanların şəxsiyyətinin istədiyimiz kimi formalaşması istiqamətində düzgün yolda addımlamış olarıq. Təəssüflər olsun ki, bizə ancaq heyvanların natəmiz olduğu, onlardan xəstəlik tuta biləcəyimiz, əlimizi torpağa, bitkilərə vursaq üstümüzün toz olacağı öyrədildi. Heyvanla təmasda olmağın sağlamlığımıza müsbət təsirləri, bitkilərin nəfəs qədər önəmli oldugu, torpağa yaxın olmağın bədənimizdən bütün mənfi enerjini xaric etdiyi öyrədilmədi.
Ailə məsləhətçisi olaraq insanın beşikdə tərbiyyə edilməsini daha təsirli olacagıni hesab edirəm.
Təbliğat o dərəcədə güclü aparılmalıdır ki, təbiətə zərər vuran şəxs bu münasibətin içində olduğumuz evi yandırmaq qədər təhlükəli olduğunu dərk etsin.
ETSN yanında İctimai Şuranın sədr müavini,
Nərminə Qəribova,