Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır. (Konfutsi)
Azərbaycanda təhsil və səhiyyə sisteminin günəşi çoxdan batıb artıq.
Ali məktəblərə qəbul olmaq istəyənlər üçün hazırlıq kurslarının reklamı, həmçinin sosial şəbəkələrdə həkimlərin fərdi reklamları başlayanda söndü bu günəş.
Övladlarımız orta məktəbdə öyrənməli olduqları bilikləri hazırlıq kurslarından, repetitorlardan öyrənir, xəstəxanada işə alındığı üçün yaxşı həkim olduğuna inanmalı olduğumuz həkimləri isə sosial şəbəkələrdə, reklamlardan seçirik…
Elə bunun nəticəsidir ki, bu gün hər iki sahədən kifayət qədər vətəndaş narazılıqları var.
Əlqərəz…
Bu gün biz hər iki sahənin nöqsanlarından yazsaq, bizə yazmaq, sizə də oxumaq üçün uzuuuuun vaxt lazım olacaq.
Odur ki, bu dəfə yalnız səhiyyədən, özü də bir xəstəxananın, bir həkimindən – Mərkəzi Klinik Xəstəxanasının həkim -nevroloqu Lalə Əliyevadan danışacağıq.
Daha doğrusu biz yox, “DogruXeber.az” redaksiyasına müraciət edən Bərdə rayon sakini Mahmudova Pərvanə Əliyar qızı danışacaq.
P.S: Pərvanə Mahmudova tərəfindən redaksiyamıza göndərilən videomaterialı izlədikdən sonra, hər zamankı kimi obyektivliyi qoruyaraq, barəsində iddialar olan həkim – Lalə Əliyeva ilə telefon əlaqəsi saxladıq.
Özümüzü təqdim etdiyimizdə, Lalə xanım əvvəl danışmaq istəmədi və suallarımızı birbaşa xəstəxanaya ünvanlayıb, ordan cavab almamızı istədi. Bildirdik ki, – “Pərvanə xanımın iddiaları sırf sizin barənizdədir və qısa cavablar versəniz çox vaxtınız getməyəcək.”.
Bundan sonra Lalə xanım razılaşdı və həmən də söhbətə başladı ki, – “O xanım məni bir aya yaxındır şantaj edir. Mən onun atasını normal müalicə etmişəm. Pis idim niyə ikinci dəfə gəlirdi? O mənə pul verməyib.” və sair…
Lalə xanım, sözləri ardıcıl elə düzürdü ki, ağzımızı açıb, sual verməmizə belə macal vermirdi.
Qeyd edək ki, Lalə xanıma onun barəsində kimin hansı iddialar irəli sürdüyünü hələ deməmişdik. Ümumiyyətlə sual belə verməmişik, amma xanım “Qoyun sualınızın cavabını verim” deyərək, danışmağımıza macal vermir, verməyə imkan tapmadığımız “sualımızı cavablandırırdı”.
Uzun sözün qısası, xeyli tək danışan, danışdıqca aqressiya ilə səsinin tonunu qaldıran həkim-nevroloq Lalə xanım bütün danışıqlarının əsası olaraq, barəsindəki iddiaları “yalan”, “şantaj” adlandırıb, təkzib etdi. Hətta, həmin xanım barəsində polisə şikayət edəcəyini də bildirdi.
Sosial şəbəkələri diqqətlə izləyib, müxtəlif cinayətlərin izinə düşən, aşkar edən Prokurorluğun bu məlumatı da diqqətə götürüb, bu dəfə barəsində araşdırma aparıb, hüquqi tədbir görəcəyinə ümid etməkdən başqa çarə qalmır geriyə. Ya da bilmək olmaz, bəlkə də çox zaman (“Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin direktoru Emin Hüseyin, Z.Ə. adına Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi və sair barəsində) olduğu kimi, bu mövzuya da kənardan seyirçi qalacaq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az