DİA.AZ: – Zaqatala rayon Kəpənəkçi kənd məktəbi xarabanı xatırladır.
DİA.AZ fotoqraf Vaqif Muğallının öz “facebook” hesabında paylaşdığı məlumata istinad edərək yazır ki, Kəpənəkçi məktəbi istifadə müddətini çoxdan başa vurub. Buna baxmayaraq Kəpənəkçi məktəbliləri bu məktəbdə təhsil almağa davam edir.
Zaqatala rayonunun bu kənd məktəbinin bərbad vəziyyətini diqqətə çatdırmaq istəyən Vaqif Muğallı öz səhifəsində foto və videolar paylaşaraq belə yazıb: “Bura Azərbaycanın ən gözəl rayonlarından biri olan Zaqatalanın ucqar Kəpənəkçi kəndinin orta məktəbidir. Əgər bura məktəb demək olarsa. Məktəbin girişində yazılmış “Təhsil Millətin Gələcəyidir” cümləsi diqqətimi çəkdi. Millətimizin gələcəyini bu cür şəraitdə yetişdirmək vətənimi, millətimi sevən bir insan olaraq məni çox narahat edir”.
Məktəbin vəziyyətindən narahatlığını ifadə edən fotoqraf aidiyyatı quruma üz tutaraq yazısını belə yekunlaşdırıb: “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və bütün aidiyyatı qurumlardan artıq dərəcədə xahiş edirəm millətimizin gələcəyinə biganə qalmayın”.
Daha ətraflı aşağıdakı videoda: