BAŞ HƏKIM UŞAQ POLIKLINIKASININ BINASINI FHN MƏMURU ILƏ BIRLIKDƏ NECƏ VƏ KIMƏ SATIB?

Bakı şəhəri, Xətai rayonu 2 nömrəli uşaq poliklinikasının baş həkimi İradə Əliyeva təqaüdə çıxmaq ərəfəsində ömrünə-gününə yazılacaq faydalı sövdələşməyə imza atıb. Etibarlı mənbədən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərindən birinin poliklinikanın binasının yerləşdiyi Xocalı prospekti – 35 ünvanına (“Xətai” metro stansiyasının yanı) gözü düşüb və həmin şəxs İradə həkimlə sövdələşərək, binanı ona satmağı təklif edib.

Sevda baş tutub, xislətcə pulgir biri olan İradə Əliyeva poliklinikanın təsərrüfat şöbəsinin müdiri Bikə xanıma akt tərtib etdirib ki, guya bina qəzalı vəziyyətdədir. Həmin əsasla Fövqəladə Hallar Nazirliyinə müraciət olunub və bununla da prosesi sürətləndirən mexanizm işə düşüb. FHN poliklinika binasının qəzalı vəziyyətdə olduğunu təsdiqləyən rəy verib. Sonra da uşaq poliklinikasının personalı Xətai rayonu, M. Mehdizadə küçəsi, 48 ünvandakı 28 saylı poliklinikaya köçürülüb.

Bildirilir ki, qonşuluğunda hündürmərtəbəli binalar olan uşaq poliklinikasının əvvəlki binası təzəcə təmirdən çıxıbmış və qəzalı vəziyyətdə deyildi, əksinə 28 saylı poliklinikadakı vəziyyət ona baxanda qeyri-qənaətbəxşdir. Uşaq həkimləri və 2 saylı poliklinikanın kollektiv üzvləri yer-yurdlarından, öyrənişdikləri şəraitdən aralanaraq böyüklər üçün olan 28 saylı poliklinikanın binasında bir növ sığınacaq tapmışlar kimi birtəhər uyğunlaşmaq məcburiyyətində qalıblar. Bu hal onları əsla məmnun etmir. Darısqallıq səbəbindən ortaya çıxan çətinliklər, üstəgəl, ələlxüsus da yoluxucu xəstəliklərin cövlan etdiyi indiki vaxtda uşaqlarının böyük xəstələrdən (28 saylı poliklinikanın pasientlərindən) yoluxa biləcəklərindən ehtiyatlanan valideynlərin haqlı narazılıqları barədə İradə Əliyevaya bir söz dedikləri an isə baş həkim onların üstünə çəmkirir, sanki kölə ilə rəftar edirmiş kimi kobud davranır.

Qeyd olunur ki, uşaq poliklinikasının çemodan əhval — ruhiyyəsində olan baş həkimi İradə Əliyeva əvvəldən rüşvətə, korrupsiyaya meylli səhiyyə məmuru kimi tanınıb: Gözü uşaqların valideynlərinin əlində olub, işçiləri rüşvətlə işə götürüb, hər məsələdə şəxsi maraq güdüb, poliklinikanın inventar və avadanlıqlarını da silib satıb və s.

P.S. Məsələ ilə bağlı 2 saylı uşaq poliklinikasının baş həkimi İradə xanım Əliyevaya zəng edib mövqeyini öyrəndik. O, bildirdi ki, poliklinika qəzalı vəziyyətdə deyil. FHN- nin də heç bir qərarı da yoxdur. Biz də bu qərarı gözləyirik. Baş həkimdən soruşduq ki, əcaba, poliklinikada heç bir qəzalı vəziyyət yoxdursa nə əcəb sizi tez-tələsik darısqal yerə köçürüblər. Cavabı o oldu ki, «siz bu sualı TƏBİB-ə verin».

Deməli, nə isə torbada pişik var.

P.S. Məqalə dərc olunandan sonra TƏBİB-dən redaksiyamızın gmail adresine məktub göndərilib. Məktubda deyilir.

Baki Şəhər Baş Səhiyyə Mərkəzinin məlumatı:

“Daryaz.az” saytında 30.08.2022-ci il tarixdə yayımlanan yazıyla bağlı qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 35 ünvanında yerləşən 2 nömrəli Uşaq Poliklinikası Bakı şəhərinin ən köhnə tibb müəssisələrindən biridir. Bina 1905-ci ildə tikilib, əvvəl Qara şəhər poliklinikası kimi, 1939-cu ildən isə 2 nömrəli Uşaq Poliklinikası kimi fəaliyyət göstərib. Son dəfə binada 2011-ci ildə əsaslı təmir və bərpa- quruculuq işləri aparılıb.

2 nömrəli Uşaq Poliklinikasının divarlarda və tavanda çatların əmələ gəlməsi, 5 iş otağında təhlükəli vəziyyətin, hətta qəzalı vəziyyətin yaranması haqqında “Bakı Baş Səhiyyə Mərkəzi”nin rəhbərliyi tərəfindən mövcud vəziyyətin qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yazılı müraciət ünvanlanıb.

Eyni zamanda tibb müəssisəsində fəaliyyət göstərən işçilərin, həmçinin burada xidmət alan əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin rəhbərliyinin əmri ilə müəssisənin işçi heyəti Xətai rayonunda yerləşən 28 nömrəli Şəhər poliklinikası və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına köçürülmüşdür. Hazırda adıçəkilən tibb müəssisələrində əhaliyə bütün zəruri tibbi xidmət göstərilir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən veriləcək rəy əsasənda 2 nömrəli Uşaq Poliklinikasının fəaliyyəti barəsində qərar veriləcəkdir.

P.S.Əgər FHN-n yekun qərarı yoxdursa, tez- tələsik bu qədər tibb heyətini mövcud şəraitdən daha acınacaqlı şəraiti olan 28 saylı poliklinikaya köçürmək kimin ağlına gəlib və məqsəd nədir. İnşaallah nəticəni gözləyək

Mövzuya qayıdacağıq.

Habil Tağıyev