Sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni terrorçularından azad edilməsinin ildönümüdür. Bu münasibətlə Türk Ağsaqqalları Birliyinin (TAİB) nümayəndə heyəti Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın dəfn olunduğu Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Türk Ağsaqqalları Birliyinin nümayəndə heyəti 44 günlük Vətən müharibəsində, Aprel döyüşlərində və sentyabrın 12-dən 13-nə keçən gecə erməni təxribatlarının qarşısını alarkən canını fəda etmiş əsgər və zabitlərimizin də əziz xatirəsini yad edib, onların ruhuna dualar oxuyublar.
Ziyarət zamanı şəhidlərin məzarları üzərinə və abidə önünə tər güllər, əklillər qoyulub, ermənilərin ötən əsrdən indiyədək azərbaycanlılara qarşı törətdikləri terror və vandallıq aktlarından bəhs olunub. Qeyd edilib ki, xalqımız 100 il əvvəl olduğu kimi, bu gün də erməni terroru ilə üz-üzədir. Bildirilib ki, yüz il əvvəl də erməni vandalizminə, qəsbkarlığına qarşı mübarizə aparırdıq, bu gün də mənfur qonşuların təxribatlarının qarşısını almağa çalışırıq.
TAİB-in üzvləri jurnalistlərə müsahibələrində xüsusi vurğulayıblar ki, bu gün xalqımız dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməli, ərazilərimizin əbədi təhlükəsizliyini təmin etmək istiqamətində atılan addımlara dəstək verməlidir. Diqqətə çatdırılıb ki, dövlətimiz problemin artıq kökündən həll olunması, bir əsr əvvəl yaşadığımız hadisələrin qarşıdakı illərdə yenidən yaşanmaması və gələcək nəsillərə saxlanılmaması üçün çalışır.
Qeyd edək ki, Türk Ağsaqqalları Birliyinin təşkil etdiyi ziyarətdə deputatlar, ictimaiyyət nümayəndələri, TAİB-in Qadınlar Şurasının, Gənclər Təşkilatının təmsilçiləri, eləcə də Dünya Alpaqut Federasiyasının, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin rəhbər heyəti və fəalları iştirak ediblər.