Prezident İlham Əliyevin fərmanı ilə bu il iyul ayının 28-də Təhsil Nazirliyinin balansında Elm və Təhsil Nazirliyinin yaradılması ictimai diqqəti yenidən bu dövlət qurumuna yönəltdi.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının və təhsillə bağlı digər strukturların bir araya gəlməsi sayəsində super nazirliyə çevrilən bu qurumun idarəçiliyinə yeni simanın gətiriləcəyi ilə bağlı proqnozlar isə özünü doğrultmadı. Gözləntilərin əksi olaraq, gənc nazir Emin Əmrullayev öz vəzifəsini qoruya bildi.
Yenisabah.az bildirir ki, Elm və Təhsil Nazirliyi hazırda ictimai müzakirələrin mərkəzində dayanır. Son vaxtlar bu qurumla bağlı ictimai narazılıq getdikcə artır. Bunun obyektiv və subyektiv səbəbləri olsa da, nazir Emin Əmrullayevin ehtiyatsız açıqlamaları müzakirələri bir qədər də tündləşdirib. Gənc nazir Azərbaycanda fəaliyyət göstərən müəllimlərin savadsızlığına eyham vuran məlum açıqlaması ilə təkcə özünü deyil, bütövlükdə bu dövlət qurumunu cəmiyyətin tənqidçi kəsiminin hədəfinə gətirdi.
Aldığımız məlumatlara görə, Emin Əmrullayevin fəaliyyətindən müəllim və valideynlərlə yanaşı, hakimiyyətin yuxarı eşalonunda da narazılıq artır. Hakimiyyət ideoloqları gənc nazirin ona göstərilən etimadı doğrultmadığı qənaətindədirlər.
Mənbə deyib ki, hazırda Emin Əmrullayevin səlahiyyətlərini azaltmaq, daha doğrusu, onun əl-qolunu bağlamaq istiqamətində ciddi iş gedir. Onun sözlərinə görə, nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması buna xidmət edir. Məlumatlı şəxsin dediyinə görə, sözügedən agentliklərin Elm və Təhsil Nazirliyinin tabeliyində olması formal xarakter daşıyacaq, hər iki qurum müstəqil fəaliyyət göstərəcək və birbaşa Prezident Administrasiyasına hesabat verəcək. Bununla da nazir Emin Əmrullayevin əhalinin ən çox narazılıq etdiyi müəssisələr – bağçalar, orta ümumtəhsil məktəbləri, peşə liseyləri və universitetlər üzərindəki təsir imkanları sıfıra enəcək.
Emin Əmrullayevinin tədricən “portfelli nazir”ə çevrilməsi nəzərdə tutulub.