arlamentdə təmsil olunan hansı partiyalar ləğv oluna bilər? – AKTUAL

Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması prosesi davam edir. Artıq layihənin ilkin variantı ictimai müzakirəyə təqdim olunub. Layihəyə əsasən, iki dəfə seçki prosesində iştirak etməyən, üzvlərinin sayı 10 min nəfər olmayan partiyaların qeydiyyatı ləğv olunacaq. Bundan əlavə, partiyaların maliyyələşməsi, hüquq və vəzifələri, eləcə də ianələrlə bağlı yeni tələblər müəyyən edilib.

Bəs, parlamentdə təmsil olunan siyasi partiyaların özlərinin neçə üzvü var?

Dünyaxeber.org modern.az-a istinadla xəbər verir ki, parlamentdə 70 deputatla təmsil olunan Yeni Azərbaycan Partiyasının hazırda (YAP) 760 580 nəfər üzvü var.

3 deputatla parlamentdə yer alan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 19 783 üzvü var. Bu, 2020-ci ildə qeydə alınan statistikaya əsasən belədir. Partiyanın sədri deputat Sabir Rüstəmxanlıdır.

Onlayn resurslarda qeyd edilən məlumata görə, deputat Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyasının (AVP) 20 minə yaxın üzvü var. AVP Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırışlarında təmsil olunub.

Parlament partiyalarından olan Demokratik İslahatlar Partiyasının isə cəmi 1000 nəfər üzvü olduğu qeyd edilib. Partiyanın sədri Asim Mollazadə III, IV, V, VI çağırış parlamentdə təmsil olunub.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) Milli Məclisdəki təmsilçisi partiyanın sədri, deputat Elşən Musayevdir. İnternet resurslarında qeyd edilən məlumata əsasən, ADMP-nin 1000 nəfər üzvü var.

Elşən Musayev V və VI çağırış Milli Məclisin deputatıdır.

Deputat Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) 15 minə yaxın üzvü var. Q.Həsənquliyev Milli Məclisin II, III, IV, V və VI çağırışlarda deputatı olub.

Böyük Quruluş Partiyasını parlamentdə sədr Fazil Mustafa ilə təmsil edir. III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı olan Fazil Mustafanın partiyasında 10 minə yaxın üzv olduğu qeyd edilib. Bu statistika son dəfə 2015-ci ildə təsdiq edilmiş məlumata əsaslanır.

Deputat Tahir Kərimli isə sədri olduğu Vəhdət Partiyasının 17 000-dən çox üzvü olduğunu söyləyib.

Parlamentdə təmsil olunan Vətəndaş Birliyi Partiyasının üzvləri haqqında məlumat ala bilmədik. Deputat Sabir Hacıyevin rəhbərlik etdiyi VBP ilə bağlı statistikanı öyrənmək üçün deputatın özü ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.

Sabir Hacıyev Milli Məclisin III, IV, V və VI çağırışlarında deputat seçilib.