Jurnalist Məlahət Zeynallı həyat yoldaşı Əvəz Zeynallının saxlanılması ilə bağlı açıqlama verib.
O, bildirib ki, prokurorluq orqanlarının əməkdaşları onların evində axtarış aparıb:
“Axtarış zamanı mənim və Əvəz bəyin kompyuterini, evdəki kitabları və övladımızın təhsil haqqı üçün ayırdığımız 3 min avro pulu götürdülər. Əvəz bəyin 20 min manat rüşvət aldığını iddia edirlər. Görünür ki, əvvəl “şantaj məbləği” 10 min manat idi, indi artıb, 20 min manat olub.
Yəni, əvvəl deyirdilər ki, Əvəz Zeynallı filankəsdən 10 min manat alıb. İndi isə bu məbləğ artıb. Bəlkə də, indi tanımadığımız onlarla şəxs çıxıb deyəcək ki, Əvəz Zeynallı onlardan da 20 min alıb. Əvəz bəy 3-5 manata tənəzzül edən adam deyil.
Bu ssenarini quranlara səslənirəm ki, heç olmasa bir az savadınız olsun. Çünki bu ssenari 2011-ci ildə Əvəz Zeynallıya keçmədi.
İşdə adı keçən Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın adını ilk dəfə eşitdik. Biz onu tanımırıq. Rasim Məmmədovun bizdən heç bir asılılığı yoxdur. Asılılığı olmayan adamı necə təhdid etmək olar?”, – deyə o qeyd edib.