ÖLÜ GÜN… DİRİ GÜN…

Dünən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzində 31 il öncə “rəsmiləşmiş” qondarma “müstəqillik aktı qəbulu”nun buraxma ildönümü qeyd olundu. Separatçı tör-töküntülər 2020-ci ildəki biabırçı məğlubiyyətdən sonra da, qatır inadı nümayiş etdirmək istəyir. Daha qanmırlar (yaxud özlərini qanmaz yerinə qoyurlar) ki, separatçıların özləri yox, arxalandıqları Ermənistancıq, Ermənistanın arxalandığı güclər dəxi Dəmir Yumruğun gücünü görüb və yeni gercəkliyi qəbul edir. O halda bir ovuc separatçının matəm kimi “bayram” keçirməsi nəyə yarar? Hər qondarma “bayram” onları əsl bayrama, firəvanlığa yaxınlasdırmır. Bölgədə, dünyada baş verənləri hər nə qədər tez idrak etsələr, bir o qədər yaxşı olar. Əlbəttə, gələcəyə yol xəritəsini hər kəs özü müəyyənləşdirir və bizim separatçı şüursuzluğundan əziyyət çəkənlərə heyfslənəcək halımız yoxdur. Bizim torpaqlarımızda bizimlə adam balası kimi yaşaya bilməyənlərə yol açıqdır – canları cəhənnəmə! Zira bir azdan cəhənnəmə asfalt yolla gedə bilməyəcəklər, onları cəhənnəmə “Bayraqdar” götürməli olacaq… Beləliklə, 31 il öncənin ölü doğulmuş “2 sentyabr bayramı” basdırılmamış ölü misalidir… Biz o ölünün qəbrini 2020-ci ildə qazdıq, tabutunu ötən il hazırladıq, daha dəfni də gecikdirmərik… 31 il öncənin 3 sentyabr günü isə respublikamızın başqa bir bölgəsində – Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzində gün kimi gün yaşandı. İndiki əzmimizin, siyasi iradəmizin, hərbi qüdrətimizin toxumları o tarixdən rişələnməyə, çicəklənməyə başladı: vaxtı ilə respublikamıza rəhbərlik etmiş, kecmiş SSRİ-nin rəhbərlərindən olmuş görkəmli siyasi və dövlət xadimi, böyük vətənpərvər Heydər Əliyev Muxtar Respublika Ali Məclisinin sədri seçildi. O seçki yalnız səsvermə hüququ olan deputatların səsi ilə deyil, Məclis önünə toplaşmış çoxsaylı vətəndaşların könlünün səsi ilə baş tutdu. Xalq müdrikdir: o gün qəbul edilmiş qərarın sevinci Ali Məclisdən Naxçivan şəhərinə, ordan Muxtar Respublikaya və nəhayət bütövlükdə Azərbaycana yayıldı. O sevinc dalğası, ümid oldu, o ümid inama çevrildi, o inam gerçəkliyə dönüşdü. Hec təsadüfi deyildi ki, Heydər Əliyevin təşəbbüsü, ideyasi, dəstəyi, rəhbərliyi və nəhayət imzası ilə qəbul edilən bir sıra qərarlar yalnız Muxtar Respublikanı deyil, bütövlükdə Azərbaycan Respublikasını, Dünya Azərbaycanlılarını təsirləndirməyə başladı. Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəs bayrağının dövlət bayrağı olaraq qəbul edilməsi, 31 dekabr – Həmrəylik Günumüzun təsisi haqqında Bakıya – respublika parlamentinə göndərilən müraciətlər yaxşı yadımızdadır. O günlər dirçəlişin, (Türkün fikir babalarının dediyi kimi), bir olub, diri olub, iri olmanın yoluna çıxmaqdaydıq. Quruluş Naxçıvan, Diriliş Azərbaycan günləriydi o günlər… Bəliliklə, Şərlə Xeyir, Zülmətlə İşıq kimi ard-arda gələn 2 sentyabrla 3 sentyabr bu günümüzdən daha aydın görünür, daha dəqiq qiymət alır. Xeyirlə Şərin mübarizəsi və Xeyirin Zəfəri mütləqdir! Necə ki, 44 günlük müharibə bu həqiqəti təsdiq etdi. Kainatın nizamı, nizamın alqoritmi pozulmazdır. Onu imperiyalar poza bilməzkən, cırtdan Ermənistanmı, bir ovuc separatçımı pozacaqdı?.. DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN! Əkbər QOŞALI