“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyev haqqında danışarkən deyib.
Qurbanov bəzi ulduz futbolçuların da səhvlərə yol verdiyini söyləyib: “Şahruddin ən güvəndiyim oyunçulardan biridir. Xarakteri, insanlığı cavan futbolçulara örnəkdir. O, işini çox sevir və ağrılara dözən futbolçudur. Mənim ürəkli insanlara və idmançılara inamım çox böyükdür. Hər sahədə belə insanlara ehtiyac var. Şahruddin çox məsuliyyətli olduğu üçün fikir edir. Həmişə onun arxasındayam. Azarkeşlər də onu çox istəyir. Bəzən uduzanda mən də oyunçuları acılayıram. Amma iki gün sonra sığallayıram. İnanıram ki, fanatlar yenidən Şahruddinə güvənəcək”.
Təcrübəli baş məşqçi Məhəmmədəliyevin sosial şəbəkələrdəki paylaşımlarına da toxunub: “Sosial şəbəkələrə girmirəm. Baxandan sonra paylaşımın qıcıqlandırıcı olub-olmadığını deyə bilərəm. Bəzən insan adi fikri hansı tərəfə yozmaq istəyirsə, yozur”.
Mütəxəssis azarkeşlərin “Şamaxı”nı 4:0 hesabı ilə məğlub etdikləri matçda medianı təhqir etməsi haqqında suala da cavab verib: “Söhbətin necə olduğunu bilmirəm. Bir dəfə fanatlara etiraz etdim, məndən narazı qaldılar. Stadionlarda söyüş eşitmək istəmirəm. Amma təəssüflər olsun ki, olmayan yer yoxdur. Bəlkə də futbol bunsuz mümkün deyil. Azarkeş isə azaddır. Mən çox istəyirəm ki, hamı birlikdə dil tapsın. Hamımız bu Vətənin övladlarıyıq. Ən ucqar yerdə qalan azərbaycanlını dünyaya dəyişmərəm. Xalqımızı çox sevirəm”.