Qarabağda rus sülhməramlılarının ermənilərlə birlikdə davam edən təxribatları

Qarabağda rus sülhməramlılarının ermənilərlə birlikdə davam edən təxribatlarını diqqətlə izləyirik. Rusiyanın çox konfiqurasiyalı siyasətinin tərkib hissəsi olan belə təxribatların uzun müddət davam etməsinə göz yummaq olmaz.
Əslində manevr siyasətini davam etdirən Ermənistanın baş naziri N. Paşinyana da bu proseslər sərf edir. Bununla erməni tərəfi zaman qazanmağa ümid edir.
Heç təsadüfi deyil ki, ötən həftə Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan elan edib ki, sentyabrda Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxaracaq. Qriqoryan daha sonra əlavə edib ki, orada yaşayan ermənilərin təhlükəsizliyini rus sülhməramlıları, erməni özünümüdafiə dəstələri təmin edəcək. Göründüyü kimi, zavallı Paşinyan Qarabağdakı ermənilərin məsuliyyət məsələsini rus sülhməramlılarının üzərinə atmaqla xeyli vaxt qazanmaq istəyindədir. Rusiyanın himayədarlığı ilə Qarababağda silahlı erməni tör-töküntülərinin qalması, prosesin uzanması qəbuledilməz haldır. Biz daha 10 illər bunu gözləyə bilmərik.
Ona görə, bu məsələ Rusiya tərəfinin qarşısında sərt şəkildə qoyulmalıdır. Cənubi Qafqazı urvatsız şəkildə tərk etməməsi üçün Rusiya 2020-ci il 10 noyabr üçtərəfli sazişinə əməl etməlidir. Demək olar ki, bu gün dünyada öz gücünü və nüfuzunu itirməkdə davam edən Rusiyanın Şərqə, çox zəruri regiona çıxışı Cənubi Qafqazdan, Azərbaycandan keçir. Şimal qonşumuz bu nəfəsliyini, şansını itirməməlidir.
Əkrəm Bəydəmirli