PEDAQOJİ PROSESDƏ SİTUASİYALAR, METODLAR, ÖYÜD VƏ NƏSİHƏTLƏR

“Müəllim” nəşriyyatı tərəfindən Professor Rüfət Hüseynzadə, Pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar MüəllimVaqif Mahmudov, Nəzirə Hüseynova, Nigar Mahmudova, Gülçin Hüseynova, Ceyhun Ağabəyov və Ziya Aslanovun müəllifliyi ilə “Pedaqoji prosesdə situasiyalar, metodlar, öyüd və nəsihətlərdən istifadə” adlı altı bölmədən ibarət pedaqoji təmayüllü tələbələr, müəllim və tərbiyəçilər, praktik psixoloqlar üçün nəzərdə tutulmuş 530 səhifəlik yeni metodik vəsait nəşr olunmuşdur (Bakı: Müəllim, 2022). Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin 27 aprel 2022-ci il tarixli Elmi Şura iclasının (protokol № 4) qərarı ilə nəşr edilən bu dəyərli vəsaitin elmi redaktoru, professor Ləzifə Qasımova, rəyçiləri prof. Akif Abbasov, prof. Məcid İsmixanov, prof. Kərim Məmmədovdur. Metodik vəsaitdə görkəmli alimlərin, klassik pedaqoqların təlim və tərbiyə haqqında fikirləri, xüsusilə onların gənc nəslə öyüd və nəsihətləri geniş yer almaqla bərabər, məktəb həyatından, pedaqoji prosesdən və müxtəlif pedaqoji təcrübələrdən qaynaqlanan pedaqoji situasiyalı məsələlər, problemlər, münaqişələr və belə situasiyalarda, məqamlarda müəllimin mümkün adekvat cavabları, fəaliyyəti, davranışı ətraflı şəkildə öz əksini tapmışdır. Bunula bərabər ailədə baş verən pedaqoji problemlər, yanlış tərbiyə üsulları, uşaqlara yönələn yanlış münasibətlər, təsirlər, yanlış valideyn-övlad münasibətləri verilmişdir ki, bunların da böyük bir qismi “Yanlış tərbiyə” adlı hekayələrdə əks etdirilmişdir. Bu vəsiatdə həmçinin pedaqoji tədqiqat xarakterli düşündürücü pedaqoji-metodiki suallar və onların izahı, 80-dən çox fəal və interaktiv təlim metodlarının təsnifatı, şərhi və praktik tətbiqi haqqında geniş məlumat verilmişdir. Vəsaitdə həmçinin məktəblərimizdə çalışan praktik psixoloqların vəzifələri, onların məktəbdə pedaqoji-psixoloji fəaliyyəti haqqında, müəllim-şagird münsibətlərinin optimal yolları barəsində dəyərli məsləhət və faydalı metodik istiqamətlər verilmişdir. Metodik vəsaitdə verilən praktik pedaqoji çalışmalar, tapşırıqlar, pedaqoji testlər, pedaqoji məsələlər pedaqogika elminin nəzəri və praktik məsələlərinin möhkəmləndirilməsinə xidmət edir. Vəsait pedaqogika elminin müxtəlif praktik sahələrini, bölmələrini əhatə edir ki, bütün bunlar da praktik pedaqogikanın, tətbiqi pedaqogikanın öyrənilməsini daha da asanlaşdırır. Metodik vəsait müəllim və tələbələri praktik pedaqoji və psixoloji biliklərlə silahlandırır, pedaqoji biliklərin mənimsənilməsi prosesini xeyli dərəcədə asanlaşdırır və daha səmərəli, daha keyfiyyətli edir. Kitabdan müəllimlər, məktəb psixoloqları, şagirdlər, valideynlər, pedaqoji ali və orta ixtisas məktəblərinin tələbələri, magistr və doktorantlar geniş şəkildə istifadə edib faydalana bilərlər.

Prof. Rüfət Hüseynzadə