Şəhid anasının dövlətdən istəyi…?

Şəhidləri gələcək nəsillərə tanıtmaq və adlarını yaşatmaq məqsədilə Dünya Ana və Uşaqlar İB-nin sədri Dünya xanım Əliyeva və mən Dünyaxeber.org saytının xüsusi müxbiri Leyla Mətin bu dəfə Şəhid Əmiraslanov Ümmanın ailəsini ziyarət etdik.


Anası Fəzilə ana oğlunun mərdliyindən ,xatirələrindən qürurla danışır.Kövrəlir …oğlumdan sonra hər kəsə üz çevirdim , xəstə qızını göstərib: heç ona da baxmırdım ,heç kəsi görmək istəmirdim.
Bundan başqa iki qızım var, ailəlidir. Yoldaşım da xəstədir.Mənim yeganə ümidim,dayağım Ümman idi . Mən öləndə xəstə qızımı ona əmanət edəcəkdim. İndi ona baxacaq heç kim yoxdur. Dövlət başçımıza və vitse-prezident Mehriban xanıma müraciət edirəm mən həyatda olmayanda qızımın özünü idarə etməsi üçün kömək istəyirəm. Bir oğlum vardı vətənin dar günündə o könüllü olaraq canını torpaq uğrunda qurban etdi. İndi isə mənim köməyə ehtiyacım var . Mən də dövlətə arxalanıram, ağlayır…
Sonra gözlərini silib gülümsəyir “bəlkə də oğlum məni belə çarəsiz görüb narahat olur” ,deyir. Mən övladlarıma sevgimi heç əsirgəməmişəm.Qabarlı əllərimlə oğul böyütmüşdüm ,əziyyətlə ,zülmlə o yaşa çatmışdı. Oğlumun əli çörəyə yeni çatmışdı.Sonuncu dəfə telefonla danışanda torpaqlar azad olunduğuna görə çox sevincliydi , nişana hazırlaşın bir həftəyə gəlirəm dedi. Heç yalanı sevmirdi ,bu dəfə də yalan demədi bir həftəyə oğlum gəldi ,amma, bayrağa bükülü vəziyyətdə . Mən onunla qürur duyurdum yaşadığı vaxt da , indi də.

Sonra Dünya Ana və Uşaqlar İB-nin sədri Dünya xanım Əliyeva anaya təsəlli verərək sakitləşdirdi ,sizin oğullarınız bizim hər birimizin oğludur ,biz daim onlarla qürur duyuruq çalışırıq onları yaşadaq. Onları dünyaya gətirən siz analar da qəhrəmansınız və “Qəhrəman ana” Fəxri Diplomunu anaya təqdim etdi.

‌Qeyd edim ki,Ümman Namiq oğlu Əmiraslanov 1996-cı il, dekabrın 21-də Qəbələ rayonunun Yeni Dizaxlı kəndində dünyaya göz açıb. 3 bacının tək qardaşı idi.2014-cü ildə Ümman məktəbi bitirib, lakin ayağında olan problemə görə hərbi xidmətə yararsız hesab edilib. Fəqət hərbi xidmətə getmək üçün çox israr edib və istəyinə nail olub. Sumqayıtda yerləşən hərbi hissədə xidmət edib. Orada öz istəyilə kəşfiyyat bölüyünə yazılıb. Hərbi xidməti zamanı komandirlərin rəğbətini qazanıb. 2016-cı ildə hərbi xidməti başa vuraraq, evinə dönüb. 2020-ci ildə Tovuz döyüşlərində Polad Həşimov şəhid olduqdan sonra könüllü hərbiyə yazılıb və müharibəyə qatılıb.
Ümman Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 2-də şəhid olub. Qəbələ rayonunda dəfn edilib.

Dünyaxe er.org Leyla Mətin