DÜNYA ŞÖHRƏTLİ ALİM, GÖYÇƏ HƏSRƏTLİ POEZİYA VURĞUNU
Yaxşı yadımdadır. 2016-cı ilin əvvəlləri idi. Feysbukdakı “Ulu Göyçə” qrupunun aktivi Fəridə Qədimovadan messengerimə bir mesaj daxil oldu: “Salam, Araz Yaquboğlu. Sizin vikipediyadakı fəaliyyətinizi alqışlayır, alimlərimiz, şairlərimiz, tarixi şəxsiyyətlərimiz haqqında yaratdığınız məqalələrə görə şəxsimdən sizə təşəkkür edirəm. Əgər mümkün olarsa, mənim qardaşım haqqında da səhifə yaratmaq olarmı?”
Açığı deyim ki, Fəridə xanımın qardaşını tanımadığımdan: “Qardaşınız haqqında əldə olan məlumatları göndərin baxım, ensiklopedik olarsa yaradaram”, – dedim. O, bir neçə gün sonra qısa da olsa bir məlumat göndərdi. Baxdım ki, Fəridə xanımın qardaşı professordur. Bu ilkin olaraq onun ensiklopedikliyinin bariz sübutu idi. Və beləcə professor Ələddin Hamısıahverdiyevlə qiyabi də olsa, tanışlığımız başladı. Ələddin Hamısıahverdiyev haqqında ciddi araşdırmalar apardım. Düzdür, Ələddin müəllimin bir çox elmi işləri məxfi olduğundan müəyyən çətinliklər də vardı. Buna baxmayaraq, etibarlı mənbələrə əsaslanaraq 2 aprel 2016-cı ildə vikipediyada məqaləni yazmağa başladım. Bu haqda Fəridə xanım qardaşı Ələddin müəllimə məlumat verdikdən sonra o mənə mesaj yazaraq minnətdarlığını bildirdi və hətta qeyd də etdi ki, bəlkə də lazım deyildi. Mən isə ona bildirdim ki, Ələddin müəllim, təvazökarlıq etməyin, sizin haqqınızda mən artıq çox məlumatlıyam. Siz işlədiyiniz institutda birinci prorektorsuz, sizin tətbiqi riyaziyyat, fizika, mexanika sahəsində elmi nailiyyətləriniz, elmi adınız, ixtiralarınız, dövlət təltifləriniz var.
2016-cı ilin 3-4 iyun tarixlərində Bakı şəhərində Dünya Azərbaycanlılarının IV qurultayı keçirilirdi. Ələddin Hamısıahverdiyev də 50 ildən çox yaşadığı Moskva şəhərindən bu qurultaya dəvət olunmuşdu. 50-yədək ölkədən 500-dən çox qonağın qatıldığı bu qurultayda, eləcə də bundan əvvəlki bütün qurultaylara Ələddin Hamısıahverdiyev hər zaman dəvətli olub. Bir gün öncədən danışdığımız kimi, qurultaydan sonra “Alov qüllələri” kompleksinin qarşısında görüşdük. Bu görüşü hərdən yada salır, unudulmaz bir gün kimi xatırlayıram. Bir az gəzişib söhbət etdikdən sonra Ələddin müəllimin bacısı oğlu Elvin Musayev (Hamısıah rəhmət eləsin, çox nurlu insan idi, sonralar, 2020-ci ildə Elvin 35 yaşında koronavirusdan vəfat edəcəkdi) gəlib bizi maşınla Hüseyn Cavid bağına apardı. “Yaşıl kafe”nin həyətindəki iri şam ağaclarının kölgəsində əyləşib pürrəngi çay içə-içə müxtəlif mövzularda şirin söhbətlər etdik. Hüseyn Cavidin heykəli qarşısında xatirə şəkli çəkdirdik. Bu Ələddin müəllimlə əyani olaraq ilk görüşümüz idi.
Professor Ələddin Hamısıahverdiyevlə sonralar əlaqələrimiz daha da sıxlaşdı. Bizi biri-birimizə daha çox Göyçə mövzusu bağladı desəm, heç də yanılmaram. Ələddin müəllim üçün Göyçə mövzusu ən ali, ən vacib məsələdir. 2017-ci ildə görüləcək işlərin yazılı planı ilə o, Göyçəliləri bir araya gətirə bildi. 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunmasının, bunun yüksək səviyyədə keçirilməsinə gecikmədən başlanılmasının vacibliyini, sosial şəbəkələrdə, mətbuatda, televiziyada təbliğata başlanılmasını lazım bildi. Elə son nəticə də onun dediyi kimi oldu. Keçən il Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı respublika prezidenti İlham Əliyev sərəncam imzaladı. Pandemiya olmasına baxmayaraq, tədbirlər qaydalara uyğun yüksək səviyyədə keçirildi. Bakı şəhərində Aşıq Ələsgərin heykəlinin də ucaldılması üçün ayrıca sərəncam verildi.
2017-ci ilin 29 mayında Ələddin Hamısıahverdiyevin 70 illik yubileyi anasının və bir çox doğmalarının yaşadığı qədim Gəncə şəhərində təntənəli qeyd olunmuşdu. Bundan sonra iyunun 3-də Bakı şəhərində də yubiley mərasimi Monte Kristo restoranında keçirildi. Tədbirdə Ələddin Hamısıahverdiyevin yaxınları, həmkəndliləri, ürək dostları iştirak edirdi. Tədbir çox möhtəşəm keçdi. Hamı ürək dolusu Ələddin müəllimdən söz açdı, sağlıq dedi, köhnə xatirələr çözələndi. Xoş bir gün yaşadıq.
Bu günlərdə artıq Ələddin müəllimin 75 illik yubileyi qeyd olunacaq. İstədim onun haqqında nəsə yazım. Yazmağa çətinlik çəkirəm. Çünki onun haqqında yazmaq bir məsuliyyətdir. Asan deyil.
2017-ci ildə Ələddin Hamısıahverdiyevdən 70 illik yubileyi ərəfəsində çalışdığım “karabakhmedia.az” saytının baş redaktoru Ramil Cəbrayıl ilə birlikdə müsahibə götürmək fikrimiz olsa da, bu müxtəlif səbəblərdən 2018-ci ildə baş tutdu. “Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı” başlıqlı müsahibə Azərbaycanın bir neçə aparıcı saytlarında və “Türk dünyası ağsaqqalları” qəzetində dərc olundu. 2019-cu ilin sonlarında isə şair-jurnalist Arif Məmmədli ilə Ələddin müəllimin Bakıda qonaq olmasından istifadə edib onunla görüşdük. Bu görüşün nəticəsi də “Azərbaycanı ləyaqətlə təmsil edən böyük alim” adlı maraqlı bir məqalənin yaranmasına səbəb oldu. Bu məqalə “Xalq qəzeti”nin 12 yanvar 2020-ci il tarixli sayında çap olundu. Hər iki yazıda Ələddin müəllimin həyat və fəaliyyəti ilə bağlı xeyli açıqlamalar vermiş, keçmiş SSRİ və Rusiya kimi dövlətlərin elmi ictimaiyyətində kifayət qədər tanınan bir alim haqqında Azərbaycan cəmiyyətinə az da olsa məlumat verməyə çalışmışıq.
Ələddin müəllimin maraqlı həyat tarixçələri var. Məsələn, o, IV-V siniflərdə oxuyarkən Moskva Dövlət Universitetinin (MDU) qülləli binasının şəklini görmüş, xoşuna gəlmiş, “Mən burada oxuyacam” fikri xəyalından keçmiş və bu arzusu illər sonra reallaşmışdır. Digər bir nüans. Göyçədə ataya müraciətin ən çox işləndiyi müraciət forması Qağa və Dədə idi. O da atasına Dədə deyə müraciət edərmiş. Birinci sinfə, özü də yaşıdlarından da bir il tez orta məktəbə gedərkən əlifba dərsliyində oxuyur ki, valideynə ata deyirlər. O həmin gündən başlayaraq dədəsinə ata deyə müraciət edir. Bu dediklərim kiçik detallar olsa da, onun gələcəkdə böyük bir şəxsiyyət olacağından xəbər verirdi.
Hələ orta məktəbdə oxuyarkən şeir yazmağa başlamış, şeirləri “Bolluq uğrunda” adlı Basarkeçər rayon qəzetində dərc olunmuşdur. Özü də ilk şeiri IV sinifdə oxuyarkən çap olunub. Sonralar ədəbiyyat müəllimi olan Qəşəm Aslanovun məsləhəti ilə o da rayon qəzetinin redaksiyasında keçirilən ədəbi məclislərin ən kiçik yaşlı üzvü olur. Poeziya vurğunu Ələddin müəllimin Moskvada oxuyarkən yataqxana otağından iki şeir dəftəri oğurlanır. Bu hadisə ona pis təsir edir, şeir yazmaq həvəsini “öldürür”. Poeziyanın vurğunu Ələddin müəllimin son illərdə Göyçəyə həsr etdiyi şeirini oxuculara təqdim etmək istədim:
Nur alıb nurundan işıqlanmışam,
Səndən başlayıbdır talem, a Göyçə!
İllərdi qürbətdə səni anmışam,
Hicrinlə inləyir naləm, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!
Sən ömür bəzəyim – müqəddəs Anam,
Mən sənin övladın, qərib oğlunam.
Daim səcdəndəyəm, sadiq qulunam,
Adım çağrılsa da alim, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!
Qartal yaraşığı əngin göylərin,
Dağın əzəmətli, bulağın sərin.
Saz sənin zinətin, söz sənin zərin,
Onlarla açılıb dilim, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!
Dillərdə əzbərdi SÖZ ərənlərin,
Halal zəhmətiylə bar dərənlərin.
Dosta süfrəsini gen sərənlərin,
Onlarla tanınır elim, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!
Tarix dalğalanır Göyçə gölündə,
Qəlb coşur Ələsgər adı gələndə.
Alının sazlarda sözü güləndə,
Min rəngə boyanır halım, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!
Güc alıb gücündən pöhrələnmişəm,
Sazından, sözündən bəhrələnmişəm.
Adınla daima qürrələnmişəm,
Çətin anlarımda Qalam, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!
Gecələr yuxumun həmdəmi sənsən,
Qərib həyatımın gündəmi sənsən.
Nisgili, sevinci, sitəmi sənsən,
Sənsən gərdişimdə haləm, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!
Qəlbimdə izi var hər günün, ayın,
Başı qarlı dağın, çağlayan çayın.
İlkin göz açdığım ətirli mayın,
Bir an xəyalına dalım, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!
Cismim qucağından uzaq olsa da,
Hicran qəm sazında hava çalsa da.
Ələddin yad eldə yuva salsa da,
Daim səninlədir, könlüm, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!
Ələddin Hamısıahverdiyevin Bakıda keçirilən 70 illik yubileyində mənə iki nüans çox maraqlı gəldi. Bu onun Azərbaycan musiqilərinə çox qəşəng rəqs etməsi və danışarkən bir kəlmə belə qeyri dildə olan sözləri işlətməməsi oldu. Təxminən o tədbirdən bir il sonra ondan müsahibə alanda o mövzuda da ona sual verdik. O isə sualı belə cavablandırdı: “Hər bir insanın, xüsusən elm adamının bir neçə dil bilməsi yaxşıdır, bəlkə də zəruri və vacibdir, bu onun şəxsi qazancı, inkişafı, qarşıya qoyduğu məqsədin reallaşması üçün köməkdir. Öz ana dilini olduğu kimi qoruyub saxlamaq isə onun özünü olduğu kimi saf, tərtəmiz qoruması deməkdir. Əks halda, dilini unutması, qarışdırması milli mənsubiyyətini itirməsi deməkdir. Bağışlayın, bir qədər pafosla səslənsə də, mənim üçün ana dilim, dinim və milli mənsubiyyətim qanıma keçərək həyatımın varlığının mənasına çevrilmişdir. Ana dilimizdə danışarkən əcnəbi sözlər işlətməmək dilimizin çox zəngin olduğunu göstərir, sübut edir. Musiqi və rəqsə gəlincə, elə dünyanın ən gözəl musiqisi də, rəqsi də bizim xalqa məxsusdur. Ad günümdə iştirak edən bütün dostlara bir daha təşəkkür edirəm. Deyim ki, bir çox yuvarlaq ad günü məclisləri Moskvada həm qohum-tanışlarla, həm də qeyri dostlarla, həmkarlarla birgə qeyd olunub, orda da elə bizim milli musiqi və rəqslərimiz və sözsüz ki, saz havaları olub. Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında prorektor işlədiyim dövrdə keçirilən ayrı-ayrı bayram şənliklərində iştirak edən həmkarlarım həmişə məclisin kulminasiya zirvəsini – Azərbaycan oyun havalarının səslənməsini gözləyərdilər. Bu anda məclis xeyli canlanar, xüsusi bir rövnəq alardı. Mən isə qürur içində hər bir həmkarımla, xüsusilə qadın həmkarlarımızla rəqs etməkdən və onların gündən-günə bizim oyun ritmlərini öyrənmələrindən zövq alardım”.
Ələddin müəllim ilk növbədə böyük alimdir. MDU-nu bitirdikdən sonra elə həmin universitetin aspiranturasında saxlanılmışdır. Bundan sonra çox ciddi elmi yeniliklərə imza atıb. Özü də onun bir çox elmi işləri məxfi sayılır və onların geniş ictimaiyyətə açıqlanması yasaqdır. O, məxfi elmi-texniki işləri də daxil olmaqla 450-dən çox monoqrafiya, ixtira, elmi məqalə, dərslik və dərs vəsaitinin müəllifidir. Dərslikləri Rusiya Federasiyası Ali Təhsil Nazirliyi tərəfindən dərslik kimi qəbul edilmişdir. Bu əsərlər Moskva Dövlət Universitetinin, Rusiyanın digər müvafiq ali təhsil məktəblərinin nüfuzlu alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu dərsliklər əsasında uzun illər professor Ələddin Hamısıahverdiyev özü də işlədiyi Akademiyada tələbələrə mühazirə oxumuş, məşğələlər aparmışdır. Ələddin müəllim 30-a qədər beynəlxalq, ümumittifaq elmi konfrans, simpozium və qurultaylarda 60-dan çox, o cümlədən 12 sifarişli, plenar məruzələrlə çıxış etmişdir. Professor Ələddin Hamısıahverdiyevin elmdə əldə etdiyi bir neçə yenilik haqqında qısaca nüansları qeyd etmək istərdim. O, tələb olunan tezliklə rəqs edən və əvvəlcədən müəyyən olunmuş ayrı-ayrı fiziki xarakteristikalara cavab verən, minimum kütləyə və ya həcmə malik olan pyezoelektrik elementlərin optimal formasını təyin etmək məsələsini həll edən ilk alimdir. Bu tipli məsələlərin həllində Ələddin Hamısıahverdiyev riyaziyyatda məşhur olan Pontryaginin maksimum prinsipini ilk dəfə tətbiq etmişdir. Bu məsələlərin həlli süni peyk və kosmik gəmilərdən vacib elmi-texniki məlumatların uçuşları idarəetmə mərkəzinə verilməsi üçün yaradılan pyezoelektrik ötürücülərdə uğurla istifadə olunmuşdur. O, elektroelastiqiyyət nəzəriyyəsinin iki və üçölçülü dinamika məsələlərinin həllinə ümumiləşmiş variasiya prinsipi əsasında sərhəd və sonlu elementlər metodlarını ilk dəfə uğurla tətbiq edən alimlərdəndir. Variasiya prinsipinin tətbiqi pyezoelektrik elementlərin rabitəli rəqslərinin çoxsaylı məsələlərinin həllinə də uğur gətirmişdir. Disk formalı pyezokeramik membranlarda mexanikanın dinamika məsələlərində çox mühüm olan “kənar effekti”nin mövcudluğunu nəzəri cəhətdən ilk dəfə Ələddin Hamısıahverdiyev aşkar etmişdir.
Ələddin müəllimin insani keyfiyyətlərini, mənəvi dünyasını əks etdirən bir nüansa da xüsusi diqqət yetirmək istərdim. Yüksək elmi nəticələr əldə etmiş, böyük həyat təcrübəsinə malik alim öz memuarlarını ona orta məktəbdə dərs keçmiş müəllimləri haqqında xatirələrdən başlayıb. Belə ki, “Müəllimlərim haqda xatirələr” silsiləsindən olan 3-4 məqalədə 10-dan çox müəllimi ilə olan xatirələrini dilə gətirmiş, peşəkar publisist kimi axıcı bir dillə qələmə almışdır. Bu xatirələrin hər biri özü-özlüyündə çox informativ məqalələrdi. Məsələn, məktəb direktoru İskəndər Hacıyevlə olan dialoqunu bir nəfəsə oxumamaq olmur. Yazını oxuduqca adamın ürəyinə yağ kimi yayılır. Digər müəllimləri Musa Kərimov – Şair Musa, eləcə də Murğuz Novruzov haqqında olan xatirələr də eyni ruh yüksəkliyi ilə qələmə alınıb. Doğulduqları kənddə və Moskvada dostluq, yoldaşlıq etdiyi Məmmədhəsən Qafarovla bağlı xatirələri də səmimi qəlbdən yazılıb. Məhz bu səmimiyyətdəndir ki, xatirələr şirin alınıb. Ələddin müəllimin xatirələr seriyasının zirvəsi Qəşəm Aslanov haqqında olanıdır desəm, səhv etmərəm. Bu bir oxucu fikri olsa da, xatirəni oxuyan digər şəxslər də mənimlə həmfikir olarlar. Çünki, bu xatirədə hələ sovetlər birliyinin kəshakəs dövründə o cür fikirlərin olması və bu fikirlərin Bakı ilə Moskva arasında məktubla göndərilməsinin nə qədər qorxulu olduğunu çox yaxşı anlayıram.
Ələddin müəllim kimi şəxsiyyətlərin hər zaman maraqlı memuarları olur. Belə memuar-xatirələr geniş oxucu kütləsinin mütəmadi diqqət dairəsində olub. Bir neçə dəfə Ələddin müəllimlə söhbətlərimizdə təklif etmişəm ki, bu mövzuda bir kitab yazsın.
Professor Ələddin Hamısıahverdiyev haqqında nə qədər danışılsa, nə qədər yazılsa da hesab edirəm ki, azdır. Ələddin müəllim elmi fəaliyyətinə görə dəfələrlə Rusiya dövlətinin müxtəlif təltifləri ilə mükafatlandırılıb. “Moskvanın 850 illiyi” dövlət medalı, Ümumrusiya Sərgi Mərkəzinin qızıl medalı, “M.V. Lomonosov adına MDU-nun 250 illiyi” yubiley medalı və digər çoxsaylı təltiflər bu qəbilbəndir. Professor Ələddin Hamısıahverdiyev 2019-cu ildə daha iki möhtəşəm medalla təltif olunmuşdur. Bunlar, elm və texnika sahəsində yüksək nəticələr əldə etmiş alimlərə verilən Rusiya Elmlər Akademiyasının nəzəri və tətbiqi mexanika komitəsinin təsis etdiyi Sosialist Əməyi Qəhrəmanı, akademik Xəlil Əhmədoviç Raxmatulin adına və Rusiya Kosmonavtika Federasiyasının təsis etdiyi Sosialist Əməyi Qəhrəmanı, kosmik proqramlar rəhbəri, general-leytenant, professor Georgi Aleksandroviç Tyulin adına medallardır.
Ələddin müəllim böyük alim olmaqla yanaşı, həm də nümunəvi ailə başçısıdır. O, 1978-ci ildə Məhsəti xanımla ailə həyatı qurub. MDU-nun məzunu Məhsəti xanım kimya elmləri namizədidir. Onların Toğrul və Aytən adlı bir oğlu, bir qızı var. Toğrul iqtisad elmləri namizədidir, Amsterdamda öz ixtisası, riskləri idarəetmə üzrə, “Eurasian Resources Group” kompaniyasında icraçı direktor vəzifəsində çalışır. Qızı Aytən isə həkimdir, Qətərin paytaxtı Doha şəhərində plastik cərrah işləyir. Ələddin müəllimin hər iki övladı ailəlidir, dörd nəvəsi var.
Bu yazını professor Ələddin Hamısıahverdiyevin 2022-ci il may ayının 29-da qeyd olunacaq 75 illik yubileyi münasibətilə qələmə aldım. Onu bu yubileyi ilə əlaqədar səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı arzulayıram. İnanıram ki, Göyçə bulaqlarının gözündən su içən, Göyçənin təmiz havasını udan Ələddin müəllim sağlıqlı və uzun bir ömür yaşayacaqdır.
Araz Yaquboğlu,
Tədqiqatçı-jurnalist