Mayın 27-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, əsgər Ömərov Seyidağa Mirzağa oğlunun həmin gün Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, daxil olan məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.
Hazırda Ağdam Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.
12:20
Ağdamda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, hadisə Çəmənli kəndi ərazisində qeydə alınıb.
Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarovun minaya düşərək xəsarət aldığı bildirilir. O, hospitala yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiq ediblər. Bildirilib ki, hərbi qulluqçu hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.