“Sözlərim yol çəkir…” – Şeirlər. Əkbər QOŞALI

Bəlkə də bir gələn var,

Gözlərim yol çəkir, yol;

Ölü dillər kimiyəm,

Sözlərim yol çəkir, yol…

 

Göy ulu, yer yağızdı,

Hər dua bir ağızdı;

Bu – qələm, bu – kağızdı,

Özləri qol çəkir, qol…

 

Uzaq yolum təngiyir,

Uzun qolum ləngiyir;

Sağ gözümdü səyriyir,

Ürəyim sol çəkir, sol…

 

 

***

Sevinə bilirəm, Tanrım,

Kədərlənə bilirəm;

Sevə bilirəm, ya Tanrı;

Sevilirəm bəlkə də…

 

Utana bilirəm hələ,

Hələ bağışlayıram.

Ən adi yaxşılıqları

Ömrə naxışlayıram.

 

Xatirəm var – oyanır,

Sabahlar var – gözlərik;

Gözdü – görür, aldanır,

Dözmək də var, neyləyək…

 

Küsdüyüm var, çox şükür,

Umanım vardı, Tanrı.

Mənə olan umudu

İtirmə, amandı, Tanrım…

***

Sarayım Firata baxıb, baxmayıb?.. –

Xatırlaya bilmirəm,

Gilqamışın gil tarixi sirr vermir…

“Bu vücudun iki payı Tanrıdır,

bircə pay İnsandı” –

deməliyəm,

demirəm;

“Tanrı mənə şah damardan yaxındır” –

bu olsun ən doğrusu…

 

Ah, nə bilim, bəlkə də

Ötükəndə əriməmiş dəmirəm –

Dinmirəm döyüldükcə…

 

Dəvəyə ərəbəm, atlara türkəm,

Ərəb xurmasının

türk tutunun

dadını bilirəm, dadını;

Bu sözləri yazanın

türk ruhunu bilirəm

və də, ərəb adını…

Bir də,

soyuq Sibirdəki ağ qadını bilirəm –

Atın qara ciyərini çiy-çiy yeyən,

amma hər bir kəlməsini

bişirib bişirib deyən,

dəvəyunu paltar geyən,

daşıdığı türk ruhunu,

alışdığı rus adını

bilən istiqanlını…

 

Qızmar yaylar uzunu

qaynar çay içən

bu mən,

gah anlamaz, gah anlaram

qış ortası dondurmadan ləzzət alan,

o gözəlim Sibirin

o uzunsaç qızını…

O gözəl

Yeniseyə

boylanan saraydan ola, olmaya..?

 

Deyirəm, nə yaxşı ki,

Yeniseylə Firatın

arasında Xəzər var,

Xəzər qıyısındakı

bir koma yetər mənə –

ha qış olsun, ha yaylar…

ya dünən ya sabahlar…

Necə olsa,

Firatdan Yeniseyə,

Yeniseydən Fırata

gedənlər

burdan keçər…

Yoxsa,

gözüm bu tarixdən su içməz…

***

Əlini ver əlimə,

Əlim quru yerdədi.

Gözümə bax, gözümə,

Daşıb, suyu yerdədi.

 

Bu – əl, bu – göz, daha nə?

Qalan hər şey bəhanə…

Günəş özü göylərdə,

Nuru, nuru yerdədi.

 

Eşqdi – göyə qaldırır,

Qanada inandırır…

Sevgisizlər inanmır, –

Odu, budu… yerdədi…

 

Əlin qalsın əlimdə –

Şad olduğu yerdədi.

Gözün qalsın gözümdə,

Gözüm duru yerdədi…

***

Gəlmək var, getmək var, gəlməmək – nədi?

Cənnət, cəhənnəm var, dözməmək – nədi?

Sən heç bilirsənmi gözləmək nədi?

İki söz bilirsən: gözlə, gələcəm…

***

Aman, öz yağında bişən, əfəndim,

Dayan, göz yaşında üzən, əfəndim,

Yeddi qat göylərdən düşüb, elə bil,

Özü öz gözündən düşən, əfəndim…

***

Gülüm, yaman dolmusan,

ağla, gözümə, ağla.

Bir işə yaramayan

fağır dözümə, ağla…

…Qəlbimdə izin olsun,

Günahlar bizim olsun;

Əlim və dizin olsun,

məni özünə bağla…

 

Deynən, qadam bilmişdim,

deynən, adam bilmişdim,

yanınaca gəlmişdim,

Məni xətaya salma,

bir də üzünə baxmam…

 

Çox söylə, az eşidim,

qışını yaz eşidim,

Nə desən naz eşidim,

baxma, üzümə baxma…

 

Necə, necə dolmusan,

ağla, gözümə ağla.

Dözüm dözmədi deynən,

fağır dözümə ağla…

 

 

Su pərisi

 

Su pərisi, su pərisi,

niyə çıxdın göy dənizdən?

Sahilləri döyən dalğa

ayrılıb sən aybənizdən

sənsiz döndü ana suya,

səssiz öldü…

 

Daha

dönüb,

quru yurdun

dəli qızı olmuşdun,

bizim qara torpaqların

pəri qızı olmuşdun…

 

Görürdüm ki,

Harda olsa,

pəri yenə pəridi…

Sonra, sonra…

“sonra, sonra” deyə-deyə,

bir də baxdım,

qaynamışıq-qarışmışıq…

 

Bilməm, niyə Yer üzündə

Sular atəşlə rəqs edər?

Yoxsa, pərilər suda da

atəşdənmi köynək geyər?..

Keşkə də, heç qarışmasaq,

Keşkə… alışmasaydıq…

Əlim çatdı, ünüm yetdi,

bir də baxdım,

bir də gördüm,

sənin torpaq pəriliyin suya dönüb…

 

Su pərisi,

mən yenə torpaq oğluyam,

sən də yenə,

sən də yenə su pərisi olsan, keşkə…

Öncə sulardan silkindin,

sonra çırpındın torpaqdan,

bircə,

qanad çıxarmağın qalıb daha,

Harayadır yolun, hara? –

Sən sudan, torpaqdan əvvəl,

Özündən qaçırsan bəlkə?

“Torpaq oğlu,

daha pəri demə mənə”

söyləyirsən;

Deyirsən ki,

“Yalnız adım Pəri qalıb,

yalnız adım…

Bircə, çıxsaydı qanadım,

Ruhlanardım”!..

Sən sudan, torpaqdan deyil,

Özündən qaçırsan Pəri;

Amma hər gəlişində də,

amma hər qaçışında da

Can verirsən, can alırsan –

Bu, “can alıb, can verməyin”

adını sevgi qoyursan…

Nə sehirsən,

nə ovsunsan?

 

Baxma, sənə şeir yazar,

Özü üçün qələm çalmaz

bu adam;

Sən tərk edən göy dənizə

qarmaq atmaz bu adam…

Sahilə çıxdığın yerdə

bardaş qurar, oturar…

 

Yeni dalğa gəlir gəlsin,

yeni pəri gəlməsin,

Nə pərilik,

nə pərilər heç vaxt adiləşməsin…