Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumasiyası işləri davam etdirilir.
28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.
Adıçəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir.
Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb.
Fərrux yüksəkliyində itkin düşən hərbçilərdən biri də Kürdəmir rayon sakini İlqar Məmmədov olub.
Onun oğlu Nurlan Məmmədov Oxu.Az-a danışıb.
Mərhumun oğlu deyir ki, atasını görmə şansı olmayıb:
“Mənim 29 yaşım var. Atam Kürdəmirin Mollakənd kəndində yaşadığı evə son dəfə gəlib, müharibəyə qayıtdıqdan sonra anadan olmuşam. Atam məni görməsə də, adımı o qoyub.
O, 1992-ci ilin oktyabrında zabit kimi döyüşlərə çağırılıb, elə həmin gündən də davamlı olaraq döyüşlərdə iştirak edib. Sonuncu dəfə də, 193-cü ilin yanvarında ailəmizi görməyə gəlibmiş Atam rota komandiri olaraq xidmət göstərib”.
N.Məmmədov bildirib ki, atasının döyüş yoldaşlarının danışdıqlarına görə, o, vurularaq əsgər götürülüb:
“Yanvarın 26-dan sonra heç bir məlumat əldə edilməyib. Sonuncu döyüş yeri Fərrux kənd və Fərrux yüksəkliyində gedən döyüş olub. Əsas Ağdam rayonu və ətraf rayonlarda gedən döyüşlərdə iştirak edib.
Fərruxda insan məzarlığının tapıldığı haqqında məlumat paylaşıldığı zaman atamın adını siyahıda gördük. Sözlə ifadə edilməyəcək dərəcədə qəribə hisslər keçirdim. Atamı görmədiyimə görə, amanı incitməmək üçün o haqda çox danışmamağa diqqət etmişəm.
Çünki hamının fikrində atam şəhid olması kimi yox, itkin düşməsi kimi qalıb. Heç kim onun şəhid olmasını etmək istəmirdi. Çünki hamıya “Bir ümid, bəlkə də, haradasa, sağdır” düşüncəsi iynənin ucu qədər olsa da, ümid verirdi.
Tapılan məzarlığın nəticəsi necə olacaq bilmirəm, hər nə olacaqsa, qəbul etməkdən başqa çarəmiz yoxdur. Ən azından anamın gözləri yol çəkməz. Atamı ziyarət edəcəyimiz bir məzarı olarsa, təsəlli yerimiz olacaq”.
Həmsöhbətim deyir ki, 44 günlük vətən Müharibəsi başlayanda həyəcanla hər dəqiqəni izləyiblər:
“Qələbəmizi elan edilərkən anam gəlib məni oyatdı və ilk dəfə idi ki, onun gözlərində belə bir sevinc görürdüm. Anamın dilinə gətirməyə cəsarəti olmasa da, sanki gözləri ilə “oğlum, atanın qisası alındı”, demək istədi. Bu gün qələbə qazanan ordumuzla, dövlətimizlə qurur duyuruq. Hər bir əsgərimizin, şəhidimizin, qazımızın qarşısında baş əyib, minnətdarlığımızı bildiririk”.
İlhamə Əbülfət