Bu gün Niderlandın Haaqa şəhərində 31 Mart soyqırımı ilə bağlı tədbir keçirilib.
Demokrat.az xəbər verir ki, tədbir Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə əvvəlcə soyqırıma məruz qalmış və Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra mərasimdə Azərbaycan Dillər Universitetinin dosenti, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyeva çıxış edib. O, çıxışında 31 Mart soyqırımı, deportasiyalar və xalqımızın başına gətirilən müsibətlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Həmçinin, tədbirdə Türk – İslam Mədəniyyət Cəmiyyətinin sədri Tahsin Çətinqaya, Azərbaycan Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova, Azərbaycan Xanımlar Klubunun rəhbəri Kəmalə Cəlilova, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, CDA partiyasından Betul Sen-Avci, “D 66“ partiyasından Tolunay Azər, “DƏNK“ partiyasından Funda İləri çıxış ediblər.
Qeyd edək ki, tədbirdə şəhidlərin xatirəsinə “Quran“ oxunulub, ehsan verilib. Həmçinin, soyqırımla bağlı video film nümayiş etdirilib.
Aynurə Pənahqızı
Demorkat.az