Xanımlar xanımı, banu Natəvan – Fəxrəddin MEYDANLI yazır

(“Xan qızı Xurşudbanu Natəvən-190” silsiləsindən)

Azərbaycan məmləkətində hələ binayi qədimdən qadın obrazı kişilərlə bərabər ilk sıralarda yer almışdır desək, yanılmarıq. İgid ərlərimizlə yanaşı, yenilməz azəri xanımlarımızın da cəng meydanlarında zaman-zaman məharət və şücaət göstərmələri, şah saraylarında aparıcı qüvvə olaraq siyasi proseslərə yaxşı mənada əhməmiyyətli dərəcədə təsir göstərmələri tariximidən bizə məlimdur.

Azərbaycan xanımlarının əl işləri olan tirmələr, tikmələr, xalça üzərində yaratdıqları əsrarəngiz çeşnilər, rəsm əsərləri, xəttatlıq nümunələri dünyanın sənət anlamlı adamlarını həmişə heyran etmiş və bunun nəticəsidir ki, bu sənət əsərlərindən bəziləri cahanın bir çox aparıcı ölkələrinin dövlət muzeylərinin və eləcə də şəxsi kolleksiyaçılarının rəflərinin ən dəyərli ekspanatları sayılırlar.

Qeyd olunan sənətçılər sırasında aşıq və şair xanımlarımızın da xüsusi çəkisi olduğu tariximizin bütün dövrlərində qabarıq şəkildə göründüyünün şahidi oluruq.

Azərbaycanın Xalq yazıçısı-mərhum Əzizə Cəfərzadənin (Hamısıah rəhmət eləsin) tərtib etdiyi və müəllifin “Ön söz”ü ilə 1991-ci ildə “Gənclik” nəşriyyatında ikinci dəfə nəşr edilmiş “Azərbaycanın aşıq və şair qadınları” kitabına nəzər saldıqda, burada barələrində-həyat və yaradıcılıqları haqqında söz açılan 69, haqqında məlumat olmayan 8, bütövlükdə isə, 77 qadın aşıq və şairin poeziya nümunələri ilə tanış oluruq.

Onlardan ədəbi ictimaiyyətimizdə xüsusən daha çox tanınan, ədəbiyyatımıza rövnəq verən, ürək yanğılı şeirləri ilə yaddaşımızda qalan şairələimizdən biri də tariximizdə həm də “Xan qızı” kimi yaşayan Xurşudbanu Natəvandır.

Haşiyə:-Xuşudbanu Natəvan iki nəhəng-Cavanşirlər və Qacar-şəcərəsinin törəməsi olmaqla, Pənahabadı-Şuşanı inşa etdirən Pənahəli xanın nəticəsi-onun oğlu İbrahimxəlil xanın nəvəsi-onun oğlu-Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin isə qızıdır.

Natəvanın anası Bədircahan bəyim Gəncə hakimi Cavad xanın nəvəsi-onun oğlu Uğurlu bəyin qızıdır.

Rusiya İmperiyasının Yelizavetpol quberniyasının, Şuşa qəzasının Şuşa şəhəri:-Qarabağ xanlığının sonuncu hakimi Mehdiqulu xan 06 avqust 1832-ci il tarixdə dünyaya göz açmış qızına öz anası Xurşudbanunun adını vermiş, Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda “Dürrü yekta” (Tək inci), el arasında isə “Xan qızı” çağırmışlar.

Haşiyə:- Mehdiqulu xanın anası Xurşudbanu xanım Gəncə hakimi Cavad-xan Ziyad oğlu Qacarın doğma bacısı iolub) ”

Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuş, məktəb yaşına çatdıqda isə o, evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır.

Məşğələ zamanı müəllimləri Xurşudbanuya “Quran” ayələrini və dini ehkamları əzbərlətməməklə yanaşı, onu dünyəvi elmlərlə də tanış etmişlər. O dövrün tələblərinə görə kübar ailələlərinin uşaqlarına bir qayda olaraq doğma ana dili ilə yanaşı, ərəb və fars dili, onun sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri mükəmməl öyrənmiş, bu dillərin vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəməyə müyəssər olmuşdur. О, kifayət dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olmuş, dahi şərq şairlərlərinin əldə edə bildiyi nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır.

Natəvanın dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmamışdır. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə olan şövq və həvəsi qüvvətləndirmişlər.

Deyilənlərə görə, Çar Rusiyasının o vaxtki Qafqaz canişini Vorontsovun şəxsi yavəri, milliyyətcə kumık olan dağıstanlı Xasay xan Usmiyev Tiflisdə Mehdiqulu xan ailəsinə mülk iddialarındaonlara kömək göstərmiş və bunun müqabilində Qarabağ xanının qızı-varisi Xurşudbanuya evlənmək təklifi etmişdir.

Tarixçilərin ehtimallarına görə, Qarabağ xanlığı da Çar Rusiyasının ərazisi sayıldığından və o dövrdə xarici və daxili ictimai-syasi vəziyyətin ciddi şəkildə gərginləşməsi ilə əlaqədar olaraq, çarizm tərəfindən xan ailəsi üzərində nəzarət gücləndirildiyindən, siyasi dəstək almaq məqsədiylə Xurşudbanu iradəsinin ziddinə olaraq, Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdir.

1850-ci ilin payızında Xasay bəy Şuşaya gələrək toy etmiş və Xurşudbanunu əvvəlcə Dağıstana – öz doğma kəndinə, oradan da Tiflisə aparmışdır.

Beləliklə, gənc Xurşudbanu həyatının çiçəkləndiyi bir dövrdə Tiflisdə yaşamalı olmuş, şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə belə, burada yaşamağa məcbur olduğu və çox vaxt tək qaldığı üçün sıxıntı keçirmiş, zaman-zaman qəriblik içində sıxılmışdır.

Xurşudbanu Tiflisdə rus və gürcü mədəni cəmiyyətlərinə daxil olmuş, özü də milli ənənəsi, kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə bu cəmiyyətlər içində nüfuz qazanmışdır.

Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan vermiş, Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfərləri zamanı o, yüksək rütbəli dövlət məmurları, yazıçı, alim və səyyahlarla da görüşmüşdür.

Xurşudbanu 1855-ci ildə dünyaya gətirdiyi oğluna atasının adını verməklə Mehdiqulu, 1856-cı ildə dünyaya göz açmış qızına isə Xanbikə adını vermişdir.

Xurşudbanu bu ailəlik həyatını sevmədiyi bir insanla uzun müddət yaşamağa məhkum olsa da, nəhayət ki, acınacaqlı həyat tərzinə dözməyrək 30 yaşlarında bu izdevaca son qoya bilir.

Uzun müddət qürbətdə nakam ailə həyatı yaşamış Natəvanın əsərlərində məhəbbət mövzusu, ayrılıq, intizar, həsrət, görüş arzusunun qırmızı xətlə keçdiyi açıq şəkildə biruzə verilir.

Birinci həyat yoldaşından ayrılaraq Şuşaya-Vətənə qayıdan Natəvan bir müddət sonra, 1869-cu ildə Seyid Hüseyn Ağamirov adlı bir şuşalıya ərə getmiş və o, rəiyyət içərisindən çıxmış bir adamı həyat yoldaşı seçdiyinə görə bəy və mülkədarların qəzəbinə tuş gəlmiş, hətda onlar Natəvanın ailə üzvləri arasına təfriqə salmaqla, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə də səbəb olmuşlar.

Bu nigahdan onların Mir Həsən Ağa Mir və Mir Abbas adında iki övladları dünyaya gəlmişdir.

Bu izdevaca görə şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməmişdir…

Dünyaya Cavanşir nəslindən Əbülfət xan Tuti, Qasım bəy Zakir kimi, “Vətən bağı” al əlvandır, Yox üstündə “Xarı bülbül”…, məşhur el nəğməsinin sözlərinin müəllifi olan bibisi Ağa Bəyim Ağa kimi, əmisi oğlu Nəva kimi, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, dayıları Hali və Müsahib Gəncəvi (Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşlar) kimi bir sıra şair bəxş etmiş iki böyük şəcərənin qan daşıyıcısı olan Xurşudbanu xanım gənc olmasına baxmayaraq, parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət olmaqla yanaşı, o, Azərbaycan mədəniyyətində və ictimai-siyasi həyatında da dərin və yaddaqalan izlər buraxmışdır. (Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov “Natəvanın şair qohumları” kitabında (B., 1989) bu məsələyə geniş yer ayırmışdır.)

Xurşudbanu bədii yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən-18 yaşlarında ikən “Xurşud” imzası ilə başlasa da, o dövrdə yazdığı şeirlərin əksəriyyəti itib-batmış, onların yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır.

1870-ci ildən etibarən şairə özünə “Natəvan” (köməksiz, zəif, xəstə) təxəllüsü götürərək, dərin məzmunlu qəzəllərini yaratmış, onun şeirləri hələ sağlığındaikən dildən-dilə düşmüş, əlyazma şəklində eldən-elə yayılmışdır.

Xurşudbanunun şeirlərini məzmun etibarilə şərti olaraq dörd qismə:- aşiqanə şeirlər, təbiət gözəlliklərinə həsr edilmiş şeirlər, müasirlərinə yazdığı mənzumələr, hüznlü şeirlər-ayırmaq mümkündür.

Yeri gəlmişkən xatırlatmaq yerinə düşər ki, Ziyadoğlu Qacar şəcərəsindən olan Müsahib Gəncəvinin şeir divanı AMEA-nın M.Füzuli adına Əlyazmalar institutunun fondunda mühafizə olunmaqla yanaşı, bu əsərin üzərində institutun əməkdaşları tərəfindən elmi tədqiqatlar aparılmaqdadır.

Əzizə xanımın araşdırmalarına görə Xurşudbanu xanım klassiklərimizi mütaliə edərək öyrənməklə yanaşı, Məhəmməd Fizuli məktəbinin mahir davamçılarından olmuş, o, Fizulinin sənət məbədindən yetərincə qidalansa da, Ustadı təqlid etməmiş, poeziyada öz müstəqil yolunu müəyyənləşdirə bilmiş, yaradıcılığı boyu bədii yeniliklərə meyl etmişdir.

Şairənin “Divan”ı olduğu barədə mənbələrdə məlumatlar olsa da, bu toplu dövrümüzə qədər gəlib çatmamış, amma Natəvanın hər iki dili mükəmməl bilməsi əlimizə çatan əsərlərindən aydın görünməkdədir.

Xurşudbanu xanım müasirləri kimi məhəbbət mövzusunda da bir çox poeziya nümunələri yaratmaqla yanaşı, o həm də xalqın acınacaqlı həyatını, təbiət gözəlliklərini, ömrünün son dönəmlərində isə içərisində olduğu dərd və ələmdən yazaraq, kədər və qüssəsini şeirlərində əks etdirmişdir.

Yaşadığı tarixi dönəmin içərisində qadınların hüquqsuzluğu onun ağrılı yerlərindən olduğundan, o azad təbiətə, azad quşlara, azad güllərə qibtə edərək, qadınların da onlar təki azad olmalarını arzu eləmiş, “Pərvanə”, “Bülbül”, “Qərənfil” və bu kimi silsilə şeirlər də yazmışdır.

-Özün eşq atəşinə vurmağa dilşad pərvanə,

Bli, bir dəfə yanmaqdan olur azad pərvanə.

Görür məclislər içrə şəmi hər şəb yar əğyarə,

Onunçun yanmağın təhrin qılır bunyad pərvanə…

-Nə güldür ki, qəmində ömürdən bizardır bülbül,

Olur hər bağban gülzarə məhrəm zardır bülbül.

O gül kuyində əzbəs ki, fəqani-nalələr çəkmiş

Fəqani-nalənin təsiri var, bimardır bülbül.

Vəfasız anlayıb gül əhdini andan fəqan eylər

Xəzan təracını bilmiş, əcəb hüşyardır bülbül…

-Seni kimdir seven bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!..

Üzünden pərdeyi-nazın kenar et!
Unutma aşiqi, haşa qerənfil!

Bəylər Məmmədov “Xurşidbanu Natəvan” əsərində qeyd edir ki, Şuşanın bir qrup şairləri bədii məclis təşkil edilməsinin zəruriyyətini dərk etsələr də, lakin, məclis qurmaq üçün müvafiq şəraitin və maddi imkanın olmadığını nəzərə alaraq Xan qızının köməyinə ümid bəsləyərək, bu təkliflə ona müraciət etmələri nəticəsində Natəvan tərəfindən qısa zaman kəsiyidə Şuşada “Məclisi-üns” (yəni, dostluq, ülfət məclisi) məclisi yaradılır və məclisə rəhbərliyi və onun bütün xərclərini də Xan qızı öz üzərinə götürür.

Təsadüfi deyil ki, Bəylər Məmmədov Natəvanı “Məclisi-üns”ün ürəyi adlamdırmışdır.

Haşiyə:-Natəvanın oğlu Mehdiqulu xan Vəfa və qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazmışdır. Xanbikə xanımın bir-neçə qəzəli Vasif Quliyevin “Dünənə uzanan cığır” (B., 2000) adlı kitabında yer almışdır. Bu kitabda həm də Xanbikə xanımın “Məclisi-üns”ün üzvlərindən biri olduğu qeyd edilmişdir.

Natəvanın bu əməlindən ruhlanan Bakı və Şirvan şairləri də ayrı-ayrı adda şeir məclisləri yaradaraq, yaxın ərazidə yaşayan şairləri bir ocağa cəm eləməyə və poeziyanın inkişafına nail ola bilmişlər.

Natəvanın poeziyası Azərbaycan xanəndələrinin repertuarında hələ şairənin sağlığından bəri zaman-zaman yer almaqdadır.

“Məclisi-üns”də tanınmış Qarabağ şairləri ilə yanaşı, Hacı Hüsü, Meşədi Isi, Molla Vəli, Molla Abbasqulu, Meşədi Dadaş, Əbdülqəni və Sadıqcan (Sadıq Əsəd oğlunun) kimi məşhur xanəndə və sazandələr də iştirak edərlərmiş.

Bəylər Məmmədov “Xurşidbanu Natəvan” kitabında, “Hətta xatirələrdə Natəvanın “Xanlıq Şükür” adı ilə tanınan xidmətçisinə musiqi təlimi verməklə onu məşhur xanəndə etməsindən də danışılır” (səh. 60).

Müəllif bu məlumatın AMEA-nın Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda saxlanıldığını da bildirir (inv. 481, səh. 7).

Mir-Həsən Ağamirovun M.Füzuli adına Əlyazmalar Instiututun fondunda saxlanılan “Natəvan haqqında xatirələr”ində (inv. 1788) Natəvanın bütün məclislərində musiqiçilərin iştirak edirdikləri, bəzi məclislərinin isə sırf musiqi məclisi hesab olunurdu və bu məclislərdə Natəvanın qəzəllərinin də oxunduğu qeyd olunur.

Ustad xanəndəmiz Seyid Şuşinski Natəvan haqqında xatirələrində şairənin qəzəllərini “Segah” üstündə həvəslə oxuduğunu qeyd etmiş vəhttps://az.wikipedia.org/wiki/Xur%C5%9Fidbanu_Nat%C9%99van – cite_note-19 günümüzdə də tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərinə mütamədi olaraq müraciət etməkdədirlər.

Məşhur tarzən Qurban Pirimov xatirələrində yazırdı:- “Xurşidbanu nəinki şeiri, eləcə də musiqini çox sevirdi. Xanəndələrdən Hacı Hüsü və Meşədi Isi onun məclisində oxuyardılar. Bu xanəndlər oxuyarkən Natəvanın qəzəllərindən tez-tez istifadə edərdilər. Son vaxtlara qədər Cabbar onun qəzəllərini öz repertuarında saxlardı”.

Haşiyə:-Həmin dövrdə Şuşada Natəvanın “Məclisi-üns”ilə yanaşı, Mir Möhsün Nəvvab Qarabağinin rəhbərliyi ilə “Məclisi-fəramuşan” adlı daha bir poetik məclis də fəaliyyət göstərirdi.

Natəvanın “Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” və s. əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şerlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənmişdir.

Xan qızı Natəvan hansı mövzuda yazmasından aslı olmayaq, o sadə xalq dilində yazmış, onun şeirləri axıcılığı və rəngarəngliyi ilə seçilmiş və bəlkə ona görə də, müasirlərindən M.M.Nəvvab, S.Ə.Şirvani və özündən sonra gələn Azərbaycan şairlərindən əlliyə yaxını ona şeirlər həsr etmiş, qəzəllərinin təsirindən, özləri də qəzəllər yazmışlar.

Natəvanın yaradıcılığına olan sevginin coğrafiyası Şuşayla, Qarabağla, təkcə Azərbaycanla məhdudlaşmır, onun şöhrəti sərhədlərimizi aşaraq uzaqlara da sirayət etmişdir.

Natəvan Azərbaycanın ayrı-ayrı bölgələrində yaşayıb yaradan ədiblərlə məktublşmış, bu vasitə ilə onlarla şeirləşmişdir.

O, M.F.Axundov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi ədəbiyyat nəhəngləri ilə qiyabi tanış olmuş, Məmai, Kəminə, Nəvvab, Vəfa, Piran və Fəna kimi şairlər onun şeirlərinə onlarla nəzirələr yazmışlar.

Yuxarıda qeyd olunduğu kimi Natəvan həm də gözəl rəssamlıq nümunələri yaratmışdır.

Qeyd edildiyi kimi Xurşudbanu xanım geniş ictimai fəaliyyətlə də məşğul olmuşdur.

Dünya bina olandan, elə indi də, adətən zəngin insanların övladları qayğısız, ehtiyacsız bir həyat sürdüklərindən, kütləyə yuxarıdan aşağı baxır, onları istismar edir, sadə dillə desək onları adam yerinə qoymurlar. Natəvan Xan övladı olaraq, heç nəyə ehtiyacı olmayan bir xanım-xatın olsa da, o həmişə rəiyyətin yanında olmuş, xeyriyyəçi xanım olaraq imkansızlara yardım etmiş, əhalini maarifləndirməklə və şəxsi vəsaiti hesabına Şuşanın abadlaşdırılması ilə məşğul olmuş, 1873-cü ildə Şuşaya uzaq bir məsafədən su çəkdirərək hazırda da fəaliyyətdə olan “Xan qızı bulağı”nı inşa elətdirmişdir.

Natəvan Araz çayından Mil düzünə də su kəməri çəkməyə təşəbbüs etmişdir.
Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, Vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri olmuşdur.

Xan qızı Xurşudbanu Natəvan saray əhli olmaqla O, xeyriyyəçi, messenant və fəal ictimai-siyasi xadim kimi də xalqın yaddaşına həkk olmuş və təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada tanınmışdır.

Xan qızının AMEA M.Fizuli adına Əlyazmalar institutunda mühafizə olunan, ailəsi və dostları arasında “Gül dəftəti” kimi tanınan albomun üz qabığı 1886-cı ildə Natəvanın öz əlləri ilə toxunmuş və bu albomun bir səhifəsində qara nazik qələmlə incə bir zövqlə çəkilmiş “Gül” şəkli və digər səhifəsində isə ona uyğun olaraq “Qərənfil” şeiri yer almışdır. Albomda yer alan digər rəsm nümunələrindən Natəvanın həm də bir rəssam olaraq yüksək peşəkar keyfiyyətlərə, rəngləri duymaq, onlarla işləmək qabiliyyətinə malik olduğu açıq aydın hiss olunur.

1858-ci ildə, o zaman Qafqazda səyahətdə olan məşhur fransız yazıçısı Aleksandr Düma ilə Xurşidbanunu xanımı -xoşbəxt bir təsadüf Bakıda rastlaşdırmışdır. Natəvanın həyat yoldaşı Xasay xanın fransız dilini yaxşı bilməsi onlar aralarında dostluq telləri yaratmış, iki ədib Abşeronu birgə gəzintiyə çıxmış, maraqlı fikir mübadiləsi aparmış, ayrılarkən Aleksandr Düma Xurşudbanu xanıma hədiyyələr təqdim etmiş, Xan qızı isə ona şəxsi əl işlərindən nümunələr bağışlamışdır. Avropalı qonaq bu görüşün təəssüratlarını “Qafqaza səyahət” əsərində geniş şəkildə təsvir etmişdir.

Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk məlumat da “Qafqaza səyahət” kitabında öz əksini tapmışdır.

Şairənin oğlu Mir Abbasın hələ gənc ikən-1885-ci ildə 17 yaşında dünyasını dəyişməsi Natəvanı bir ana olaraq çox sarsıtmış, nəticə etibarilə o özünə qapanaraq, cəmiyyətdən təcrid olmuş və belə acınacaqlı həyat tərzində xəstəliyə tutulmuşdur.

Oğlu Mir Abbasln ölümü Natəvanın yaradıcılığına da köklü şəkildə təsir etmiş o son zamanlar matəm əhvali ruhiyyəsində olmaqla, oğul itgisini ümumxalq kədəri ilə birləşdirərək qəmli şeirlər yazmışdır.

Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi və həm də oğlu Mir Abbasın yetkin yaşlarındakı ölümü şairəni vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur.

Ağlamaqdan gözlərinin nurunu itirmiş, bədəni taqətdən düşmüş Xurşidbanu Natəvan 1897-ci ilin 01 oktyabr tarixində öz doğma Vətənində Çar Rusiyasının vətandaşı olmaqla(?) 65 yaşında vəfat etmiş və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunmuşdur.

Natəvanın nəvəsi Sənubər xanımın söylədiyinə görə, Natəvan Bənövşə gülünü çox sevdiyindən, məzarının ətrafına bənövşə güllərinin əkilməsini hələ sağlığındayəkən vəsi edibmiş…

Haşyə:-2020-ci ilin 27 sentyabr-08 noyabr tarixlərində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə baş tutan 44 günlük müqəddəs II Qarabağ savaşı zamanı Ağdam rayonu da işğaldan azad olunandan sonra, ermənilər tərəfindən Natəvanın məqbərəsinin dağıdılması, qəbrinin açılaraq təhqir olunması, hətta mərhumənin qalqlarının çıxarılaraq aparılması məlum olmuşdur. Bu haqda Azərbaycan əsilli məşhur fransız fotojurnalisti Rza Diqqəti dünya mətbuatında məlumat dərc etmiş, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də bu faktı təstiqləmişdir.

Natəvanın İrsi olaraq, adına küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.

18 fevral 2016-cı il tarixdə Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində müəllifi Azərbaycan heykəltəraşı İmran Mehdiyev olan Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Xurşudbanu Natəvanın əsərləri bu nəşrlərdə:- “Seçilmiş əsərləri” Təbriz, 1991, 112 s., “Əsərləri” Bakı, “Lider” nəşriyyatı, 2004, 87 s., “Əsərləri” Bakı, “Yazıçı” nəşriyyatı, 1984.-100 s., “33 qəzəl”-Bakı, “Gənclik” nəşriyyatı, 1981.-36 s., “Şerlər”-Bakı, “Azərnəşr” nəşriyyatı, 1965, 80 s. yer almışlar.
Xurşudbanu Natəvana ithaf olunmuş incəsənət əsərlərindən Azərbaycanın Xalq şairi Məmməd Rahimin “Natəvan” poemasını, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” pyesini, Bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, professor Vasif Adıgözəlovun “Natəvan” operasını və mərhum müğənni Rauf Adıgözəlovun ifasında səslənən Natəvanın eyni adlı şeirinə bəstələdiyi “Qərənfil” mahnı-romansını göstərmək olar.

Natəvan haqqında olan ədəbi mənbələrə:- Ə.Cəfərzadənin “Natəvan haqqında hekayələr”ni, Bakı: Azərnəşr, 1963, 60 səh. və “Xurşud Banu Natəvan” Azərbaycan yazıçılarının həyatından dəqiqələr, Bakı: 1979, səh. 44-48., B.Məmmədovun “Xurşudbanu Natəvan”ını, Bakı: Yazıçı, 1983, 158 səh., “Natəvanın şair qohumları”nı, Bakı: Azərnəşr, 1989, 84 səh. və “Xurşudbanuya” “Ulduz”jurnalı, 1995, N1, səh. 36., H.Əliyevanın “Natəvanın tikmələri”ni, “Qobustan”, 1970, N1, səh. 42–46., İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, “Azərbaycan”, 1985, N11, səh. 22-65, misal göstərmək olar.

Natəvan haqqında çəkilən və ya adı hallanan filmlər sırasına:- “Qarabağa səyahət” (film, 1968), “Dağlarda işıq” (film, 1973), “Üzeyir ömrü” (film, 1981), “Natəvan” (film, 1982), “Mahur-hindi” (film, 2001), “Düma ömrünün qırx günü” (film, 2002), “Güllələnmiş heykəllər” (film, 2002), “Məclisi üns” (veriliş, 2006), “Papaq” (film, 2007), “Xurşidbanu Natəvan” (film, 2012) bu ekran əsərlərini nümunə göstərmək olar.

Xan qızı Xurşudbanu Natəvanın nəvələrindən Bəhram xan Naxçıvanskini, Əkbər xan Naxçıvanskini, Xaqan xan Naxçıvanskini, Kamran xan Naxçıvanskini, Ənvər xanım Naxçıvanskayanı və Sənubər xanım Naxçıvanskayanı, Nəticələrindən isə, Xanımcan xanımı, Nuşerim xanımı, Məhmə xanımı, Zibəndə xanımı, Seymur xanı, İzzət xanı, Sürəyya xanımı, Həbib xanı, Əxtər xanımı, Reyhanat xanımı, Tərlan xanımı, Aman xanı, İsgəndər xanı, Leyla xanım Usmiyevanı və Nahidə-Leyla Məmmədovanı göstərmək olar.

2022-ci ilin avqust ayının 06-də böyük Azərbaycan şairəsi Xuşudbanu Natəvanın 190 yaşı tamam olur.

Nakam şairəmizə Uca Tanrımızdan rəhmət və onun müqəddəs ruhunun cənnətməkan olmasını diləyirəm.

Şuşa əsillisən, bəy nəsillisən,

Yayda doğulmusan, qış fəsillisən.

Şairsən, rəssamsan, elə bəllisən-

soy kökün Qarabağ xanı, Natəvan,

Xanımlar xanımı, banu Natəvan.

Bəxtin gətirməyib ilk nigahında,

Oğul itirmisən gənc çağlarında.

Dağlar da yanıbdır odlu ahında-

qəm-qüssən qurudub qanı, Natəvan,

Xanımlar xanımı, banu Natəvan.

Könül bağladın sən rəiyyət oğluna,

Bununçün tuş gəldin bəy qınağına.

Kasıblar qızdırdı əl, ocağına-

qazandın şöhrəti, şanı Natəvan,

Xanımlar xanımı, banu Natəvan.

Çox çəkdin həsrətin sən azadlığın,

Yayıldı aləmə geniş varlığın.

“Xan qızı bulağı” bir ehsanlığın-

cənnətdə yerini tanı, Natəvan,

Xanımlar xanımı, banu Natəvan.

Sən tərif eylədin çiçək-gülləri,
Abı bənövşəni, qərənfilləri.

Dolaşdın dünyanı, doğma elləri-

Vətənə sərf etdin canı, Natəvan,

Xanımlar xanımı, banu Natəvan.

Yaratdın “Məclisi-üns”ü Şuşada,

Həvəsə gəldilər Şirvan, Bakı da.

Yarışa çağırdın məktublarında-

çoxaldı məclislər sanı, Natəvan,

Xanımlar xanımı, banu Natəvan.

Meydanlı oxudu şeirlərini,

“Bülbül”ü, “Etdim”i həm “Məgər”ni.

Bir sözdə duymadım xoş xəbərini-

sənintək qəm çəkən hanı, Natəvan,

Xanımlar xanımı, banu Natəvan.

27.03.2022-Bakı

Mənbə: -Əzizə Cəfərzadənin “Azərbaycanın aşıq və şair qadınları” toplusu,

“Gənclik” nəşriyyatı, 2-ci nəşr, Bakı, 1991, 79-83-cü səhifələr;

-“Azərbaycan vikimediaçıları” internet resursları.