İspaniyanın “Barselona” futbol klubunun baş məşqçisi Xavi Ernandes argentinalı hücumçu Paulo Dibalanın alınmasına qarşı çıxıb.
Bu barədə “El Nacional” yazır.
Bu günlərdə məlum olub ki, Argentina millisinin oyunçusu İtaliyanın “Yuventus” klubu ilə müqaviləsini davam etdirməyəcək. “Qoca sinyora”da yeddi mövsüm keçirən P.Dibala maliyyə təklifi və klubun inkişaf planları ilə razılaşmayıb.
“El Nacional”ın yazdığına görə, Dibala özünü İspaniya çempionatında sınamaq istəyir. Madrid “Real”ı oyunçunun təmsilçisinin zənginə heç cavab da verməyib. “Barselona”nın prezidenti Joan Laporta isə ulduz futbolçunu komandanın heyətinə qatmaqda, üstəlik transferinə görə pul ödəməməkdə həvəslidir.
Ancaq komandanın baş məşqçisi Xavi Ernandes Dibalanın bacarıqlarının şişirdildiyini fikirləşir. Bundan başqa, Neymarın “Pari Sen-Jermen”ə keçidindən sonra Dibalanın “Barselona”ya transferi mümkün idi. O zaman bu keçidə onunla arası elə də yaxşı olmayan millidəki yoldaşı Lionel Messi qadağa qoymuşdu.