İƏT XİNŞ Ermənistanın minalı ərazilərin dəqiq xəritələrini verməməsini pisləyib


Pakistan İslam Respublikasının İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda 48-ci sessiyasında qəbul edilmiş “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması” adlı qətnamədə Ermənistanın beynəlxalq hüququ pozaraq, bütün minalanmış ərazilərin hərtərəfli və dəqiq xəritələrini və minalanmış sahələrin yerləşdiyi yerlərə dair digər məlumatları təqdim etməkdən davamlı boyun qaçırması pislənilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması” adlı qətnamədə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı üzv ölkələr tərəfindən alqışlanıb.

Ermənistan və Azərbaycan arasında münasibətlərin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılmasına çağırış edilib. Həmçinin Ermənistanın beynəlxalq hüququ pozaraq, bütün minalanmış ərazilərin hərtərəfli və dəqiq xəritələrini və minalanmış sahələrin yerləşdiyi yerlərə dair digər məlumatları təqdim etməkdən davamlı boyun qaçırması pislənilib və Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi və onilliklər boyu davam edən erməni təcavüzü və işğalının ağır nəticələrinin aradan qaldırılması üçün göstərdiyi səylərlə tam həmrəylik və dəstək bir daha təsdiq edilib.

Source link