Bayram günlərində şəhid evlərini ziyarət etməyi özümüzə borc bildik

  “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva və“Dünyaxəbər.org” saytınn xüsusi müxbiri Leyla Mətin,  Bayram günlərində şəhid evlərini ziyarət etməyi özümüzə borc bilib,Şəhid Cəmil Məmmədlinin ocağını ziyarətə getdik.
Anası Aygün xanım bizi çox isti qarşıladı .
Evin tək oğlu olan Cəmilin vətənə olan sevgisi bitməz,tükənməzliyinin şahidi olduq.Anası Aygün xanım
söhbətimiz zamanı körpəliyindən şəhidliyinə qədər olan xatirələri danışır, bəzən təbəssüm edir, o təbəssümün içində o qədər həsrət- kədər varki …sonra gözündən düşən damcılar geyiminə süzülür.
Susuruq …
Sonra Aygün xanım sükutu pozur . Şəhid olduğu günə qədər müharibədə iştirak etdiyini bilmirdik. Əlaqə saxlayanda biz arxa cəbhədəyik deyirdi . Ana oğlunun mərdliyindən ,şücaətindən çox qürurla bəhs edir.Elə biz də qürurla dinləyirdik.Həm Cəmil kimi qəhrəmanlarla ,həm də onların  anaları ilə qürur duyduk.
Bəzən insanlar evlərinin kiçik olmasından şikayətlənir .Aygün xanıma -Eviniz çox kiçikdir dedim. Aldığım cavab məni çox təsirləndirdi.
– Cəmil evdə olanda evimiz çox böyük idi ,dedi. Cəmildən sonra evin divarları da darlaşıb ,daşları soyuyub.Ana gözü yaşlı oğlu haqqında məlumat verdi.
Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil almış, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakultəsinin Materialşünaslıq fakultəsində ali təhsil almışdır. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası “Mahir nişançı” adlı güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür
2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanır. Xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş edir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edir.Oktyabr ayının 14-dən 15-nə keçən gecə Füzuli rayonunun Dördçinar kəndi istiqamətində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlmişdir. İsmayıllı rayonu şəhidlər xiyabanında dəfn olunub.
Leyla Mətin Səfəraliyeva, Şəhid Cəmil Məmmədliyə ithaf şeiri
Mərdliyin igidliyin
Şəhadətin mübarək
Dedilər  şəhid olub
Mübariztək Poladtək.

Solub o gündən bəri,
Gözümüzün sevinci.
Getdi səninlə birgə ,
Qəlbimizin sevinci.

Tutmur  qaysaq yaralar
Gözlərim   qan ağlayır.
Bu gedişin  bir bilsən,
Məni necə  dağlayır?

Şəhid oldun ay Cəmil
Adına qurban olum.
Vətəni azad etdin
Sındı qanadım ,qolum.

De ,necə dözsün ürək,
Sağalmaz ki yaralar?
Ürəyi param parça
Necə dözür analar?

“Dünyaxəbər.org” saytınn xüsusi müxbiri Leyla Mətin