Ukraynadan təxliyə edilən məktəblilər Azərbaycanda təhsilə cəlb olundular

Ukraynadan mövcud vəziyyətlə əlaqədar təxliyə olunan vətəndaşlarımızın məktəbli övladları Azərbaycanda təhsilə cəlb olunublar.

Modern.az-ın əldə etdiyi məlumata görə, respublikanın müxtəlif bölgələrinə öz yaxınlarının yaşadığı ərazilərə qayıdan azərbaycanlı ailələrin övladları artıq məktəbə gedirlər. Onlar üçün yaş və sinif kateqoriyasına uyğun dərslər keçirilir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı açıqlamasında xəbəri təsdiqləyib. Deputat bildirib ki, Azərbaycan bununla bağlı operativ addım atan ilk ölkədir:

“Ərazisində müharibə gedən Ukraynadan vətəndaşlarımızın təxliyəsi artıq rəsmi məlumat verildiyi kimi bilavasitə dövlət başçımızın nəzarəti altındadır. Onların təxliyəsi ardıcıl həyata keçirilir. Eyni zamanda ölkəmizə gələn azərbaycanlıların məktəb yaşlı övladlarının yerləşdikləri rayonlardakı müvafiq məktəblərdə təhsillərini davam etdirməsi üçün də addım atılıb.

Məlumatıma görə, şagirdlərin təhsildən geri qalmaması üçün mümkün məsələlər həll edilir”.

Source link