Son bir neçə ildə bir sıra dövlətlərin parlamentləri, tanınmış siyasi xadimləri Xocalı hadisələrinə qiymət verərək soyqırım aktı kimi tanıyıblar. Bütün bunlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından müsbət haldır. Lakin yetərli deyil. Həmin hadisələrə siyasi qiymət verib tanımaq, soyqırımı törədənləri pisləmək mövcud reallıq baxımından zəruri olsa da, hüquqi baxımdan məsələnin həlli deyil. Məsələnin ədalətli həlli üçün cinayət varsa cəza mexanizmi işə düşməlidir. Cəzasızlıq bəşəriyyəti fəlakətə sürükləyib. Ukraynada baş verən son proseslər bunu bir daha sübut edir.
Xocalı soyqırımı məsələsi hüququ müstəviyə çoxdan çıxarılmalı idi. Məlum məsələdir ki, Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün tərkib hissəsi olmuşdur. Təbii ki, buna görə, Ermənistanın əməlləri beynəlxalq cinayət sayılmalıdır. Ermənilər bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar.
Xocalı hadisələri zamanı dinc insanların kütləvi şəkildə qəddarlıqla qətlə yetirliməsi, öldürülmüş şəxsləruin təhqir edilməsi insanlıq əleyhinə cinayətlərdir. Bu cinayətlərin törədilməsinə görə, birmənalı şəkildə Ermənistanın o zamankı prezidenti Levon Ter Petrosyan, həmin dövrdə Qarabağda cinayətkar rejimə rəhbərlik etmiş Robert Köçəryanın, Serj Sarkisyanın, digər ermənilərin və həmçinin onlara dəstək verən rus hərbiçilərinin məsuliyyətə cəlb olunması istiqamətində proseslər çoxdan başlamalı idi. Çox təəssüf ki, həmin soyqırımda iştirak etmiş şəxslərin hələlik məsuliyyətə cəlb olunmasının şahidi olmuruq. Xocalıya ədalət o zaman olacaq ki,, törədilmiş soyqıma hüquqi qiymət verilsin, həmin cinayətkarlar məhkəmə qarşısına çıxarılsın.
Müharibə cinayətləri və dinc insanlara qarşı soyqırım törədənlərlə bağlı dünyada məhkəmələrində kifayət qədər nümunələri var. Bu dəfələrlə qeyd olunub. II dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşıst Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətlər Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nyurnberq məhkəməsində aparılmışdı. Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla
21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi. Müharibədən zərər çəkən yəhudilər və onların yaxınları bu gündə Almaniya dövlətindən dəymiş ziyana görə, kompensasiya alırlar. Əslində soyqırım törədən cinayətkarların cəzalandırılması baxımından bütün bunlar yaxşı təcrübədir.
Hətta onu da qeyd edim ki, ötən əsrin 90-cı illərindən sonra keçmiş Yuqoslaviyada baş verən qanlı cinayətlərə görə, bəzi şəxslər məsuliyyətə cəlb olundu. Birbaşa müharibə cinayətlərində əli olan şəxslər axtarışa verildi. Belə nümunələri xeyli artırmaq olar, Bəs, bu gün belə təcrübədən niyə biz yararlanmayaq? Bu gün müharibə cinayətlərində birbaşa iştirakı olan şəxslərin cəzalanmaması dünyada hərbi zorakılığı təşviq edir.
Hərbi zorakılıq siyasətindən bəzi qüvvələri çəkindirmək məqsədilə Xocalı soyqırımında iştirakı olan və həmin hadisələrin təşkilatçıları hüquqi məsuliyyətə cəlb olunmalıdır. Əgər müharibə və ümumilikdə soyqırımda iştirakı iddia olunan şəxslər məsuliyyətə cəlb olunmasa, adları bəlli olan həmin şəxslərə qarşı yenə loyal münasibət davam edərsə, o zaman beynəlxalq hüquq indikindən daha bərbad vəziyyətə düşəcək.
Xocalı soyqırımında, ümumilikdə Qarabağda dinc azərbaycanlılara qarşı törədilən qətl hadisələrində iştiraklarını ermənilər özləri birmənalı şəkildə təsdiqləyiblər. İngilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş etdib. Sarkisyan isə baş vermiş hadisələrlə bağlı deyib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq”.
Həmçinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanda prezidentliyi dövründə Avropa Şurasının tribunasından Qarabağda dinc azərbaycanlılara qarşı etdiyi bütün vəhşilikləri fəxrlə təsdiqləyib. Göründüyü kimi, qeyd olunan və qeyd olunmayan faktlar cinayətkarların kimliyini tam sübut edir. Deməli, beynəlxalq hüququn mexanizmlərinin işə düşməsinə nail olmalıyıq.