Son vaxtlar müəllim-şagird, valideyn-müəllim münasibətlərində baş verən xoşagəlməz hadisələr müəllimlərin işə qəbulunda psixoloji müsahibə məsələsini gündəmə gətirir. Bunun zəruriliyini düşünənlər də, əks mövqedə olanlar da var.
“Kaspi” qəzetində dərc edilən məqalədə sözügedən mövzu ətrafında rəsmi qurumların mövqeyi və mütəxəssis rəyinə yer ayrılıb.
Ölkənin təhsil sferasında son vaxtlar müəllim-şagird, valideyn-müəllim münasibətlərində baş verən xoşagəlməz hadisələr müəllimlərin işə qəbulunda psixoloji müsahibənin birmənalı olmasa belə lazımlığını gündəmə gətirdi. Dünya ölkələrində, əslində, çoxdan həyata keçirilən bu kimi testlər bütün sahələrdə iş üçün müraciət edənləri əhatə edir. Belə ki, psixoloji testlər ən çox diqqətlilik, yaddaş, işçinin reaksiya sürəti, habelə onun xasiyyəti, davranışları ilə bağlı göstəricilərini ölçür. Pedaqoqlarla bağlı isə hesab edilir ki, pedaqogikanın, həqiqətən də, onların işi olub-olmadığını öyrənmək üçün gələcək müəllimlər və ya seçdikləri peşəyə şübhə edənlər üçün psixoloqla söhbət etmək faydalıdır.
Psixoloji hazırlıq və ümumi dünyagörüşü
Müəllimlərin psixoloji müsahibəyə cəlb olunması lazımdırmı? Bizim ölkəmizdə də bu suala cəmiyyətdə baş verən hadisələr fonunda müxtəlif cavablar eşidilir.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda keçirilən onlayn brifinqdə “Kaspi”nin mövzu ilə bağlı sualını cavablandırarkən məsələnin diqqətdə olduğunu bildirib: “MİQ imtahanları zamanı bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Bu xüsusi əhəmiyyət kəsb edir. Bəzən müəllimlərin nəticələri məhz dünyağörüşü və psixoloji müsahibəyə görə qaneedici hesab edilmir. Müəllimlərin müsahibə mərhələsində psixoloqlar da iştirak edəcək”.
Psixoloqların peşəkar dəstəyi
Prosesin bizim təhsil sferasında necə nizamalanacağını qeyd etməzdən öncə, qonşu ölkələrin təcrübələrinə nəzər salaq. Belə ki, Rusiyada müəllimlərin psixoloji müsahibəyə cəlbi ilə bağlı üst-üstə düşməyən fikirlər yer alıb. “Psixoloqlar məktəb müəllimləri ilə işləməlidir”- deyə Moskva şəhər Milli Valideyn Komitəsi təhsil müəssisələrində yeni vəzifənin tətbiqini təklif edib. Bu fikir son həftələrdə Rusiya paytaxtında baş verən müəllim-şagird qalmaqallar zəncirinin nəticəsidir: “İnternetdə müəllimlərin şagirdlərə qarşı kobud davranışlarını əks etdirən bir neçə video peyda oldu. Bu hallar bir daha sübut edir ki, müəllimlər psixoloqların peşəkar köməyinə ehtiyac duyurlar. Müəllimlərin belə dəstəyə ehtiyacı var, çünki biz onların bizə, uşaqlara, cəmiyyətə borclu olduqlarını düşünməyə öyrəşmişik, halbuki cəmiyyət onlara lazımi diqqət yetirmir, o cümlədən maddi”.
Belarusda da müəllim-şagird-valideyn üçbuçağı baxımından vəziyyət ürəkaçan deyil. Yerli ekspertlərin dediyinə görə, yeni nəsillə üz-üzə olmaq müəllimləri psixoloji seminar və treninqlərin ən maraqlanan, minnətdar dinləyiciləri və fəal iştirakçısına çevirib. Psixoloqlar isə yaxalarını kənara çəkirlər: “Dövlət müəllimləri dəstəkləmək yollarını tapmalıdır”.
Daha müasir yanaşmalar
Kembric Universitetinin professoru Qərib Mürşüdov “Kaspi”yə açıqlamasında Böyük Britaniya Təhsil Nazirliyinin tələblərindən danışaraq qeyd edir ki, müəllimin tədris etdiyi dərsi bilmək ancaq pedaqoji işin bir hissəsi hesab edilir: “Sinif idarə edilməsi, müxtəlif bacarıqlı şagirdlərə müxtəlif yanaşma və s. tələb olunur”. Professor müəllimlərin işə qəbulunda ayrıca psixologiya imtahanını zəruri hesab etmir. Amma sinif psixologiyasını, şagird psixologiyasını bilmək və istifadə etmək vacib sayılır: “Müəllimlərin elementar səviyyədə uşaq psixologiyasını bilməsi də vacibdir. Bu baxımdan İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın özünəməxsus tələbləri var. İngiltərədə müəllim olmaq istəyənlərin bakalavr dərəcəsi olmalıdır və onlar birillik müəllim təlimatı kursu keçməlidir”.
Psixologiya fənninin tədrisinə diqqət
Ölkəmizdə təhsil ekspertlərinin də məsələyə münasibəti birmənalı deyil. Yəni müəllimin psixoloji müsahibəyə cəlbini zəruri və lazımsız hesab edənlər var.
Təhsil eksperti Nadir İsrafilovun fikrincə, müəllim dərsi idarə edə bilmirsə, deməli, sinfi ələ almağı bacarmır, sinfi ələ ala bilmirsə, deməli, uşaq psixologiyasına, dərsin metodikasına lazımınca yiyələnməyib. Yəni son zamanlar məktəblərimizdə baş verən olaylar, dərs prosesində müəllim-şagird münasibətlərində yol verilən qeyri-etik hərəkətlər məhz buna işarədir. “Çünki pedaqogikanı psixologiyasız, metodologiyasız, uşaq fiziologiyasız təsəvvür etmək mümkün deyil. Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Məktəblərdə baş verənlər bir növ məktəbin pedaqogikadan, psixologiyadan, fiziologiyadan ayrı düşməsinə işarədir. Müəllimi təkcə hansısa məlumatları əzbərləyib, lazımi keçid balı toplamaqla qiymətləndirmək yanlış yanaşma olardı. Buna görə də müsabiqənin test imtahanı ilə yanaşı, müsahibə mərhələsində onun psixoloji hazırlığı ilə əlaqədar məqamlara da diqqət yetirmək nəinki lazımdır, hətta son dərəcə zəruridir”. Ekspertin fikrincə, məktəblərdə psixoloq ştatının olması ilə kifayətlənmək olmaz və bütün baş verənlərin məktəb psixoloqu ilə əlaqələndirilməsi də heç də ədalətli mövqe sayılmazdı. Belə ki, hər bir müəllimin özü də psixoloji keyfiyyətlərə malik olmalıdır: “Çünki, müəllimlik missiyadır, yaradıcı işdir. Bunun üçünsə, ilk növbədə ali məktəblərimizin müəllimlik ixtisaslarında psixologiya fənninin tədrisinə diqqət artırılmalıdır. O ki, qaldı ayrıca psixoloq müsahibəsinə, buna əlavə lüzum görmürəm”.
Nəinki məktəblərdə, bağçalarda da lazımdır
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidovanın fikrincə, psixoloji müsahibə nəinki məktəblərdə, həmçinin bağçalarda da nəzərə alınmalıdır: “Müəllimlərin testdən keçirilərək təhsil müəssisəsinə buraxılması daha yaxşı olar. Hətta təkcə MİQ imtahanları zamanı deyil, bir neçə ildən bir – attestasiyalar, akkreditasiyalar aparılan vaxtı da bu prosesdən keçmələrinin təmin olunması məqsədəuyğundur”. Pedaqoq hesab edir ki, bu müsahibələr psixoloji prosesi izləməsi, bu sferada yaranan problemləri necə aradan qaldırması yollarının axtarılması üçün müəllimlərin öz üzərində işləməsinə gətirib çıxaracaq: “İstənilən müəllim pedaqoji təhsil aldığı müddətdə minimum bir il psixologiya dərsləri keçir. Müəllim ən azından bu prosesi bilir. Müəllimin psixoloji durumu çox vacib məsələdir. Çünki bağçalarda da, məktəblərdə də fərqli davranış sərgiləyən müəllimlər olur. Fikrimcə, psixoloji müsahibə çox şeyi dəyişəcək. Müəllimləri öz işlərinə daha məsuliyyətli yanaşmaya təhrik edəcək. İstənilən halda, müəllimlər bu müsahibələrə hazır olacaq”.
Təcrübələr göstərir ki, müəllim-şagird-valideyn münasibətlərinin tam nizamlanmasında pedaqoji reseptlər və “sehrli” üsullar kifayət etmir. Müəllimlərin təhsil işçilərinin ixtisasının artırılması üçün universitet və institutlarda əlavə psixoloji təhsil almaq, beynəlxalq təlimlərə qatılmaq imkanı var.