Baş Prokurorluq Şirvan sakininin arvadını öldürməsi ilə bağlı açıqlama yayıb.
Prokurorluğun Mətbuat xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, fevralın 18-də, saat 18 radələrində 1979-cu il təvəllüdlü Şirvan şəhər sakini Abıyev Elnur Mətləb oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə arvadı 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızına qoşa lüləli ov tüfəngi ilə bir dəfə atəş açaraq hadisə yerindən qaçmış, sonuncuya tibb işçiləri tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq, almış olduğu xəsarətdən xəstəxanada ölüb.
Elnur Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı E.Abıyev polis əməkdaşlarını gördükdə özündə olan qoşa lüləli ov tüfəngi ilə onlara atəş açıb, həmin vaxt polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilməklə onun hər iki ayaq nahiyəsinə atəş açılaraq hərəkət etməsinin qarşısı alınmaqla sonuncu saxlanılıb.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
20:43
Şirvanda əri tərəfindən güllələnən 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızı xəstəxanada dünyasını dəyişib.
APA xəbər verir ki, Şirvan şəhər sakini Elnur Abıyev saxlanılarkən polisə silahlı müqavimət göstərib. Ov tüfəngindən atəş açan E.Babayev polislərlə atışmada yaralanıb.
O, yaralı vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
19:46
Şirvanda qadın əri tərəfindən güllələnib.
APA xəbər verir ki, hadisə Şirvan şəhəri “Köhnə şəhər” adlanan ərazidə, Gülbala Şıxbala oğlu küçəsində baş verib.
Ailə münaqişəsi zəminində Şirvan şəhər sakini Elnur Abıyev həyat yoldaşı – 1983-cü il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızını ov tüfəngi ilə vurub.
Qarın nahiyəsində güllə yarası alan qadın Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlərək əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.