“Yuxu” filmi ilə tanınan məşhur aktrisa: “Azərbaycan kinosu açıq-saçıq səhnələrə hazır deyil” – FOTO


“Mən açıq-saçıq səhnələr olduğu üçün bir neçə filmdən imtina etmişəm”.

Bu sözləri Xalq artisti Ayan Mirqasımova APA-ya müsahibəsi zamanı deyib.

O qeyd edib ki, bir neçə tamaşada təklif olunan roldan da imtina edib:

“Mən çox utancaq qadınam. Bu mənə anamın südü ilə keçib. Mən o qədər də cəsur adam deyiləm. Düşünürəm ki, Azərbaycan kinosu açıq-saçıq səhnələrə hazır deyil”.

Aktrisa əlavə olaraq bildirib ki, məşhur bir rejissorumuz ona filminə çəkilməyi təklif edib:

“Mən məhz açıq-saçıq səhnələri çıxaracağı halda çəkiləcəyimi demişdim. O isə çox prinsipial rejissor olduğunu və sözügedən səhnələri çıxarmayacağını demişdi. Rejissor Rusiyadan azərbaycanlılara bənzəyən bir aktrisa tapıb onu çəkdi”.

A.Mirqasımova “Yuxu” filminin onu daha çox tanıtdığını vurğulayıb:

“Razıyam, “Yuxu” məni daha çox tanıtdı. Mənim çəkildiyim filmlər əsasən festival filmləridir. Həmin filmləri heç televiziyalarda da çox göstərmirlər. Düşünürəm ki, “Ovsunçu” filmi daha tez-tez göstərilə bilər. Necə ki, “Yeddi oğul istərəm” filmini tez-tez göstərirlər. “Ovsunçu” da o filmlə eyni dövrdən bəhs edir, sadəcə başqa rakursdan”.

Source link