Qazaxıstanda gərginliyi, silahlı toqquşmaları narahatlıqla izləyirik. Statistik göstəricilərə nəzər salanda bir daha aydın olur ki, MDB məkanında adambaşına düşən gəlirlərə və ümumilikdə sosial-iqtisadi vəziyyətinə görə, digər respublikalarla müqayisədə Qazaxıstanda həyat tərzi pis deyildi. Deməli, sosial-iqtisadi vəziyyətdən savayı, bu, çaxnaşmaları yaradan daha dərin qatlarda gizlənmiş məkrli planlar var.
Türk dünyasına qarşı qlobal geosiyasi dinamikanın sürətlə dəyişməsi kontekstində proseslər davam edir. Türk Dövlətləri Təşkilatının formalaşması və bu əhəmiyyətli qurumun strateji hədəflərə istiqamətlənən mesajlar verməsi Rusiyadakı bəzi qüvvələri ciddi narahat edirdi. Ruslaşmanın qarşısını alan, Türk birliyinə hədəflənən çox düşünülmüş siyasət həyata keçirən və töhfələr verən Qazaxıstanı şərait yetişən kimi vurmaq Rusiyanın çox konfiqurasiyalı gedişinin tərkib hissəsi idi. Rusiyanın çox konfiqurasiyalı siyasi gedişlərinin uzunmüddətli uğur qazanacağına əmin deyiləm. Artıq uzun illərdir ki, Qazaxıstanda milli kimlik formalaşıb. Son 30 ildə yetişən müasir gənclik heç vəclə rus boyunduruğunu qəbul etməyəcək. Qazaxıtanlılar öz sərvətlərinin və dövlətlərinin, ərazilərinin sahibi olduqlarını gec-tez ortaya qoyacaqlar.
Qazaxıstan hadisələri yalnız qazax xalqına deyil, bu bütün MDB respublikalarına, Türk dünyasına zərbə vurmaq məqsədi dayışıyır. Ancaq məkrli qüvvələr əsas hədəflərinə çata bilməyəcəklər. KTMT qoşunlarının və yaxud orada rus sülhməramlılarının, istehzalı olsa da ermənilərin 70 hərbiçisinin Qazaxıstanda milli dövləti qoruyub mühafizə edəcəyi real deyil. Bu müvəqqəti qələbə eyforiyası bəzi dövlətlərin daxili auditoriyasına hesablanıb. Milli dövləti qoruyan, möhkəmləndirən qazaxların milli təfəkkürü, milli kimliyi olacaq.
Qazaxıstan hadisələrindən hər bir dövlət, məmur, vətəndaş ibrət dərsi götürməlidir. Ümumilikdə bu proseslər dünyaya ciddi mesajlar verdi. Şimal küləyinin nə qədər təhlükəli olduğunun hər kəs fərqində olmalı və buna hazır olub məqamı yetişəndə adekvat cavab verməyin zəruriliyini dərk etməlidir. Digər tərəfdən dövlətin idarəetmə fəlsəfəsində çox əhəmiyyətli dəyişiklər edilməlidir.
Əkrəm Bəydəmirli